Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
![](/uploads/posts/2025-02/1739539530_1739539464144.png)
Prezident İlham Əliyev Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Reportyor.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur.
Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-02-2025, 17:24