AFFA İcraiyyə Komitəsi Premyer Liqanın yeni formatını açıqlayıb

Bu gün SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Reportyor.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə Peşəkar Futbol Liqasının hesabatı dinlənilib. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Misli Premyer Liqası, həmçinin 1-ci və 2-ci liqalarda mövsümün gedişi barədə məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, təklif və rəylərini dinləyib.
Ardından Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. 3-cü dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində 1-ci Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
2024/2025-ci illər mövsümündə 1-ci Liqada sonuncu yeri tutmuş klub 2-ci Liqaya düşəcək, 2-ci Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa 1-ci Liqaya yüksələcək. 1-ci Liqada 9-cu yeri və 2-ci Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq. Qeyd edək ki, cari mövsümün sonunda 1-ci Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.
İcraiyyə Komitəsində qərara alınıb ki, 2025/2026-cı illər mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub 1-ci Liqaya düşsün, 2-ci Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer Liqada 11-ci yeri və 1-ci Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.
2025/2026-cı illər mövsümündə 1-ci Liqada sonuncu yeri tutan komanda 2-ci Liqaya düşəcək, 2-ci Liqada birinci yeri tutan komanda birbaşa 1-ci Liqaya yüksələcək. 1-ci Liqada 9-cu yeri tutan komanda 2-ci Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.
KARUSEL / İDMAN
Tarix: 19-02-2025, 17:37