Səfir Kestutis Vaşkeleviçyus süni intellektlə bağlı HR tədbirində iştirak edib

Litvanın ölkəmizdəki səfir Kestutis Vaşkeleviçyus süni intellektlə bağlı HR tədbirində iştirak edib, bu tədbirdə süni intellekt iş yerini necə yenidən formalaşdırır və insan rifahına/insanlığa diqqəti itirməmək yollarını araşdırıb.
Azərbaycanın işgüzar və akademik icmalarının iştirak etdiyi seminar “FireWorks” tərəfindən SHRM ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.Tədbir zamanı Vilnüs Universitetinin Biznes Məktəbində təhsil imkanları VUBS müəllimi və FireWorks-un təsisçisi Laura Həmidova tərəfindən təqdim olunub.
Reportyor.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
Səfir Litvanın süni intellektə yanaşmasını, açıq məlumatlardan istifadə sahəsində Litvanın təcrübəsini, əlverişli süni intellekt ekosistemi yaratmağa çalışmasını və Litvanın rəqabətədavamlı Avropa süni intellekt mərkəzi olmaq ambisiyalarını bölüşüb.
Litva rəqəmsal texnologiyaların inkişafı və istifadəsi zamanı demokratik dəyərlərin və insan hüquqlarının vacibliyini vurğulayır. Vilnüs Konvensiyası (Avropa Şurasının Süni İntellekt üzrə Çərçivə Konvensiyası 2024-cü ilin sentyabrında Vilnüsdə imzalanmışdır) insan hüquqlarının süni intellektin yaratdığı potensial risklərdən qorunması üçün qlobal minimum standartı müəyyən edən ilk beynəlxalq hüquqi qüvvəyə malik müqavilədir.

“AI innovasiyalarını təşviq etməklə yanaşı, rəqəmsal dayanıqlığı təmin etmək, tənqidi düşüncəni inkişaf etdirmək, kibertəhlükəsizlik imkanlarını gücləndirmək də vacibdir. Çünki bunlar artan dezinformasiya və bədxassəli xarici informasiya müdaxiləsi qarşısında mühüm bacarıqlardır”, - Litva səfiri bildirib.
Litva diplomatik xidməti xeyli müddətdir ki, informasiya təhlilində, COVID-19 pandemiyasının idarə edilməsində, konsulluq sahəsində süni intellekt alətlərindən istifadə edir.
Çıxış edənlər arasında Xəzər Universitetinin təsisçisi Dr. akademik Hamlet İsaxanlı, Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin dekanı Dr. Razia İsayeva, SHRM MENA-nın idarəedici direktoru Vivek Arora və başqaları iştirak edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:37