Qazaxıstan Səfiri Azərbaycanın Dövlət Gömrük Komitəsinin Sədri ilə görüşüb

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Sədri Şahin Bağırov ilə görüş keçirib.
Reportyor.az xəbər verir ki, görüş zamanı tərəflər gömrük, nəqliyyat-logistika, ticarət-iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Alim Bayel, xüsusilə, Qazaxıstan və Azərbaycan məhsullarının, eləcə də üçüncü ölkələrdən olan malların tranzitinin artmaqda davam etdiyini qeyd edib və bu tendensiyanın qorunub saxlanmasının vacibliyinə diqqət çəkib. Diplomat Qazaxıstan və Azərbaycan gömrük orqanlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində hər iki ölkə tərəfindən həyata keçirilən bir sıra iri infrastruktur və logistika layihələrinin inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Öz növbəsində, Şahin Bağırov Azərbaycan tərəfinin TBNM-in inkişafında böyük maraq olduğunu təsdiqləyib. O, mövcud geoiqtisadi şəraitdə Orta Dəhlizin təkcə Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üçün deyil, qlobal ticarət və nəqliyyat sistemləri üçün də getdikcə daha aktual olduğunu qeyd edib.
Bu kontekstdə Ş. Bağırov Qazaxıstan və Azərbaycan gömrük strukturları arasında əməkdaşlığın genişləndirilməsinin böyük vacibliyini vurğulayıb, prosedurların sadələşdirilməsi, avtomatlaşdırılması və rəqəmsallaşdırılmasının əhəmiyyətini qeyd edib. Tərəflər gömrük sahəsində ikitərəfli əlaqələrin cari vəziyyətini, bir sıra konkret məsələləri müzakirə edib və bu istiqamətdə əməkdaşlığın bundan sonrakı inkişafına dair fikir mübadiləsi aparıblar.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-02-2025, 16:29