Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu mövzusunda konfrans keçirilib

Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
İştirakçılar, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuat tarixində mühüm rol oynamış nəşrləri əks etdirən “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgiyə baxış keçiriblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi, inkişaf yolu, gələcək perspektivləri, eyni zamanda medianın cəmiyyətdə maarifləndirmə funksiyası və milli dəyərlərin təbliğindəki rolu barədə səsləndirdiyi fikirləri əks etdirən videoçarxla başlayıb.
Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını və aktuallığını qoruyub saxladığını qeyd edib, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsində, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasında Ulu Öndərin əvəzsiz rolu barədə danışıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiyada Ümummilli Liderin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı əhəmiyyətli addımlar barədə geniş müzakirələr aparılıb və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyi vurğulanıb.
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyev ölkəsini xilas edib və bunun birbaşa sübutu var.
Müzakirədə diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil strategiyası çərçivəsində jurnalistika sahəsində peşəkar kadr potensialının artırılması, ali təhsil müəssisələrində sözügedən ixtisasın inkişafı və təkmilləşdirilməsi ilə yanaşı, jurnalistikanın elmi əsaslara söykənən inkişafı üçün vacib islahatlar aparılaraq medianın keyfiyyətinin yüksəldilməsi təmin edilib. (apa)
KARUSEL / CƏMİYYƏT
Tarix: 8-07-2025, 15:04