Səfir: "Bu gün getdikcə daha çox azərbaycanlı dostlarımız Koreya dilinə maraq göstərir"

İlk Koreya dövləti olan Qocosonun yaradılmasının 4358-ci və Koreya Silahlı Qüvvələri Gününün 77-ci ildönümü münasibətilə Koreya Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Koreyanın ölkəmizdəki səfiri Kanq Kimqu dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.
“Bu il Koreya Respublikası ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü qeyd olunur. Mən ilk dəfə 2006-cı ildə Azərbaycana səfər etmişəm və o vaxtdan bəri ölkələrimiz arasında münasibətlərin necə dərinləşdiyinin şahidi olmuşam. Mən çox vaxt Bakı küçələrində gəzərkən insanların mənə “Annyonhaseyo” deyə salam verdiklərinin şahidi olmuşam. İyirmi il əvvəl bu şəhərin küçələrində Koreya dilində salam sözünü eşidəcəyimi ağlıma da gətirmirdim. Lakin bu gün getdikcə daha çox azərbaycanlı dostlarımız Koreya dilinə maraq göstərir".
Diplomat deyib ki, bu il səfirlik Taekvondo turniri və K-pop müsabiqəsi keçirib və hər iki tədbirdə yüzlərlə istedadlı və coşqun Azərbaycan gənci iştirak edib: “Onlar superqəhrəman təpikləri ilə stadion boyu sözün əsl mənasında uçdular və ən son K-pop mahnılarının sədaları altında rəqs edib. Orada elə mahnılar səsləndi ki, onları mən özüm də eşitməmişdim. Koreyanın Azərbaycanda sevildiyini görmək həqiqətən xoş idi”.
Səfir Kanq Kimqu qeyd edib ki, iki ölkə arasında artan qarşılıqlı maraq yalnız mədəniyyətlə məhdudlaşmır, bu müxtəlif istiqamətləri əhatə edən geniş əməkdaşlıqda da özünü göstərir.

“May ayında Azərbaycanın ən böyük ərzaq sərgisi olan "Caspian Agro-2025"də Koreyanın 10-dan çox kənd təsərrüfatı şirkəti iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin stendimizi ziyarət etməsi bizi xüsusilə sevindirdi”, - deyən səfir iyul ayında İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında ikili diplom proqramları üzrə diplom təqdimetmə mərasiminin də keçirildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, son illər ölkələrimiz arasında gediş-gəliş sürətlə artır. O cümlədən, 2025-ci ilin yanvar-avqust ayı ərzində Azərbaycana 10 mindən çox koreyalı səfər edib. Eyni zamanda biznes əlaqələri də genişlənir və dövlətlərarası əməkdaşlıq yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə daha da möhkəmlənir.
Kanq Kimqu xatırladıb ki, ADA Universiteti ilə birgə bölgədə sülh prosesinə həsr olunmuş seminar keçirilib və həmin seminarda davamlı sülhə nail olmaq əzminin şahidi olub.
Diplomat ümid edir ki, Koreya ilə Azərbaycan arasında əlaqələr əvvəlki kimi intensiv və dinamik inkişaf edəcək.
O, Cənubi Koreyanın Azərbaycandakı diplomatik missiyasının Bakının regionda davamlı sülhə nail olmaq əzminin şahidi olduğunu bildirib: “Koreya yarımadasında təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində daim çalışan ölkə kimi Koreya Respublikası regionda sülh prosesini böyük maraqla izləyir”.

Azərbaycan hökuməti adından Koreya xalqını təbrik edən Xarici İşlər nazirinin müavini Elnur Məmmədov ölkəmizlə Koreya Respublikası arasında diplomatik münasibətlərin 23 mart 1992-ci il tarixində qurulduğunu xatırladıb.
Bildirib ki, son 30 ildən artıq bir dövr ərzində əlaqələrimiz müxtəlif sınaqlardan keçərək, dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipi üzərində möhkəmlənib. Bu illər ərzində yüksək səviyyəli səfərlər həyata keçirilib, iqtisadi, siyasi və humanitar sahələrdə çoxsaylı sazişlər imzalanıb: "Əlaqələrimizin möhkəm bünövrəsini təşkil edən əsas istiqamətlərdən biri də iqtisadi əməkdaşlıqdır. Koreya şirkətləri uzun illərdir Azərbaycanda mühüm infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edir. Xüsusilə yol, enerji və informasiya sahələrində Koreyanın qabaqcıl təcrübəsi ölkəmizin inkişafına öz töhfəsini verməkdədir. Azərbaycan da öz növbəsində Koreya bazarı üçün etibarlı tərəfdaş və sabit investor ölkə kimi çıxış edir.
Bununla yanaşı, Azərbaycan və Koreya arasında mədəni və humanitar sahədə əməkdaşlıq xüsusi vurğulanmalıdır. Bu xüsusda, KOICA – Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Azərbaycanda həyata keçirilən proqramlar təqdirəlayiqdir. Səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları və dövlət idarəçiliyi sahələrində təqdim olunan texniki dəstək və ixtisasartırma proqramları iki ölkə arasında bilik mübadiləsini daha da möhkəmləndirir".
Müxtəlif zamanlarda mədəniyyət günlərinin təşkili, incəsənət nümayəndələrinin qarşılıqlı səfərləri hər iki xalqın bir-birini yaxından tanımasına şərait yaradıb. Azərbaycan mədəniyyətinin Koreyada, Koreya mədəniyyətinin isə Azərbaycanda tanıdılması xalqlarımız arasında hörmət və dostluğun dərinləşməsinə xidmət edir.
Ən ümidverici sahələrdən biri də hər iki ölkənin təhsil müəssisələrində təhsil alan gənclərin qarşılıqlı mübadiləsidir. Son illərdə bir çox azərbaycanlı tələbələr Koreyada təhsil almaqda və elmi tədqiqat layihələrində iştirak etməkdədir. Eyni zamanda Koreya universitetləri ilə Azərbaycan ali məktəbləri arasında sıx əməkdaşlıq münasibətləri yaranıb. Təhsil sahəsində əməkdaşlıq xalqlarımız arasında gələcək dostluğun təminatı kimi qiymətləndirilə bilər.

"Qeyd etmək istərdim ki, Azərbaycan və Koreya çoxtərəfli müstəvidə də əməkdaşlıq edirlər. Ölkələrimiz beynəlxalq təşkilatlar səviyyəsində bir-birini dəstəkləyir, qlobal sülh və sabitliyə töhfə vermək üçün birgə fəaliyyət göstərirlər. Bu həmrəyliyi BMT və digər beynəlxalq platformalarda açıq müşahidə edirik.

Elnur Məmmədov qarşıdakı illərdə ikitərəfli münasibətlərimiz daha da möhkəmlənəcəyinə, yeni əməkdaşlıq layihələri xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini vurğulayıb.
Reportyor.az



KARUSEL / SİYASƏT
Tarix: 7-10-2025, 20:15