Azərbaycan səfiri etimadnaməsini Koreya Respublikası Prezidentinə təqdim edib
Azərbaycanın Koreya Respublikasında səfiri Ramin Həsənov etimadnaməsini bu ölkənin Prezidenti Yun Sok Yola təqdim edib.
Səfir R.Həsənov Koreya Respublikasının regionda Azərbaycan üçün əsas tərəfdaşlardan biri olduğunu və ölkəmizin Koreya Respublikası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, ölkələrimiz arasında siyasi dialoqdan, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıqdan məmnunluğumuzu ifadə edib, eləcə də xalqlar arasında əlaqələrin səviyyəsinin intensiv olduğunu diqqətə çatdırıb.
Diplomat bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün daha böyük potensialın mövcud olduğunu vurğulayaraq, Azərbaycanın bu istiqamətdə koreyalı tərəfdaşlarla birlikdə addımlar atmağa hazır olduğunu bildirib.
Koreya Respublikasının Prezidenti Yun Sok Yol səfir R.Həsənovu təbrik edib və səfirin fəaliyyəti dövründə Koreya Respublikası ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dinamik inkişaf edəcəyindən əminliyini ifadə edib. Koreya Respublikası Prezidenti ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafı, habelə dünyada sülh və əmin-amanlıq üçün səylər göstərəcəyini bildirib, Azərbaycanın Koreya Respublikası üçün vacib tərəfdaş olduğunu diqqətə çatdırıb.(AZƏRTAC)
KARUSEL / SİYASƏT
Tarix: 27-01-2023, 14:49