Qətərin Baş naziri: "Biz Fələstin xalqı üçün siyasi üfüq yaratmaq üzərində çalışırıq”

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Tani Qətərin və vasitəçi tərəflərin Qəzza zolağında atəşkəs sazişinin davamlılığını təmin etməyə diqqət yetirdiyini bir daha təsdiqləyib.
Yerli media xəbər verir ki, o, bunu Nyu-Yorkda Xarici Əlaqələr Şurası tərəfindən təşkil edilən Qətər Dövlətinin regional və beynəlxalq rolu və Qəzza zolağında müharibəyə son qoymaq üçün birgə vasitəçilik səyləri mövzusunda keçirilən sessiyada səsləndirib: “Qəzzada atəşkəsi qorumaq üçün hər iki tərəflə intensiv şəkildə əməkdaşlıq edirik. Xoşbəxtlikdən, hər iki tərəf Qəzzada atəşkəs sazişinin qüvvədə qalmalı olduğunu qəbul edir. Bu günkü missiyamız müharibənin sona çatmasını və Şarm əl-Şeyxdə əldə edilən anlaşmaların həyata keçirilməsini təmin etməkdir”.
“Müharibə son dərəcə mürəkkəbdir, həll yolu da belədir. Biz Fələstin xalqı üçün siyasi üfüq yaratmaq üzərində çalışırıq”, - deyə o bildirib və qeyd edib ki, israillilər Qəzzadan çəkilməli olacaqlar və müharibənin əsas səbəbləri həll edilməlidir.
Baş nazir ABŞ Prezidenti Donald Trampın planında Qəzzada idarəetmənin Fələstin Muxtariyyəti islahatlarını başa çatdırana və Zolaqdakı rolunu öz üzərinə götürməyə hazır olana qədər müvəqqəti olacağı nəzərdə tutulduğunu izah edib.

O, regiondakı bir neçə ölkənin Fələstin Muxtariyyətində islahatlara yönəlmiş səylərə töhfə verdiyini və irəliləyiş əldə edildiyini də təsdiqləyib.
Sentyabr ayında İsrailin Dohaya təcavüzü ilə bağlı şərh verən baş nazir deyib: “Qətərə hücum bütün dünya üçün şok oldu. Hədəfə alınan binalar məktəblər və səfirliklərin yerləşdiyi yaşayış massivində yerləşirdi. Biz özümüzü xəyanətdə hiss etdik, çünki vasitəçilər olaraq hücuma məruz qalanlar biz idik - heç kimin təsəvvür edə bilmədiyi bir şey”.
Baş nazir həmçinin Qətərin çoxsaylı münaqişələrdə vasitəçi rolunu oynadığını və onları həll etmək üçün ağıllı və effektiv hərəkət etmək qabiliyyətinə malik olduğunu vurğulayıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:05


























