mobil versiya

Səfir: Üç onillik ərzində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətləri davamlı şəkildə inkişaf edib



Yaponiya İmperatoru Naruhitonun doğum günü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

Səfir Vatanabe Katsuya çıxış edərək 66 yaşı tamam olacaq Əlahəzrət İmperatorun ad gününü Yaponiyanın çoxsaylı dostları ilə birlikdə qeyd etməkdən məmnun olduğunu deyib. 

Ölkələrimiz arasında əlaqələrə toxunan səfir qeyd edib ki, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri bu üç onillik ərzində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin tarixinə nəzər saldıqda, bu əlaqələrin davamlı şəkildə inkişaf edib. 
"Əməkdaşlığımız siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil də daxil olmaqla geniş sahələri əhatə edib.  Xalqlarımız arasında canlı mübadilələr və ölkələrimiz arasında fəal əməkdaşlıq bu gün paylaşdığımız dərin bağların möhkəmlənməsində mühüm rol oynayıb.

Ötən il Yaponiyada keçirilmiş Osaka–Kansai Ekspo sərgisində Azərbaycan öz milli pavilyonu ilə iştirak edib və pavilyon ümumilikdə iki milyon ziyarətçi qəbul edib. Biz bunu dostluğumuzun gücünün və canlılığının bariz göstəricisi kimi qiymətləndiririk. 

2025-ci il Azərbaycan və Cənubi Qafqaz regionu üçün həqiqətən də tarixi bir il olub. Avqustun 8-də Vaşinqtonda sülhün əldə olunmasına yönəlmiş Birgə Bəyannamə imzalanıb. Yaponiya regionda davamlı sülh və sabitliyə doğru atılmış bu mühüm addımı alqışlayır.

Bundan başqa, dekabr ayında Tokioda “Mərkəzi Asiya + Yaponiya” Dialoqunun Zirvə Görüşü keçirilib, burada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” üzrə əməkdaşlığın təşviqi və genişləndirilməsi əsas mövzulardan biri olub. Azərbaycan Yaponiya ilə Avropanı birləşdirən bu marşrutun mərkəzində yerləşir və rabitə, informasiya-kommunikasiya texnologiyalarının inkişafında, beynəlxalq enerji təhlükəsizliyinin, eləcə də regional sabitlik və tərəqqinin irəlilədilməsində mühüm rol oynayaraq Yaponiya üçün əvəzolunmaz tərəfdaş olaraq qalır.


2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu ilin may ayında Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) keçiriləcək və gələcəyin şəhər inkişafı ilə bağlı yeni müzakirələrə start veriləcəkdir. Bu yeni formalaşan sahələrdə də Yaponiya ilə Azərbaycanın əl-ələ verərək əməkdaşlığını davam etdirəcəyinə, o cümlədən, yapon şirkətlərinin yeni layihə və investisiyalar vasitəsilə iqtisadi əlaqələrimizə əlavə təkan verəcəyinə səmimi qəlbdən ümid edirəm.

Diplomat deyib ki, hal-hazırda bir Yapon televiziya kanalı hadisələrin Azərbaycanda cərəyan etdiyi televiziya serialı üzərində çalışır: "Bir qədər sonra həmin televiziya serialına dair tanıtım videosunu ekranlarda nümayiş etdirəcəyik. Ümid edirik ki, bu layihə Yaponiyadakı tamaşaçılara Azərbaycanın zəngin turizm imkanları və gözəlliklərini tanıdacaq, daha çox səfərlərə ilham verəcək və iki ölkə arasında turizm əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcək".

Azərbaycan hökuməti adından Yapon xalqını təbrik edən xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, Azərbaycanla Yaponiya arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir, Azərbaycanın Yaponiya ilə münasibətlərə xüsusi önəm verir. Ötən illər ərzində Azərbaycanla Yaponiya arasında dostluq əlaqələri dinamik inkişaf yolu keçib, iqtisadiyyat, enerji, investisiya, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız güclənib. Azərbaycanla Yaponiya arasında siyasi-iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası münasibətlər də yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında iqtisadi əlaqələrdə dinamika artmaqdadır.

Nazir müavini Yaponiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə də maraq göstərdiklərini bildirib.

"Hazırda ölkəmizdə Yaponiyanı təmsil edən 48 şirkət, sənaye, tikinti, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərməkdədir. Biz həmçinin əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olan enerji sektorunda işbirliyimizi yüksək qiymətləndiririk. Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd”, eləcə də “Yaşıl enerji zonaları” konsepsiyalarının həyata keçirilməsi yönündə Yaponiya şirkətləri ilə əməkdaşlığımız mövcuddur", - o vurğulayıb.

Xüsusilə 2025-ci ilin Azərbaycan-Yaponiya əlaqələrinin dinamik inkişafında vacib hadisələrlə yadda qaldığını diqqətə çatdıran nazir müavini əlavə edib ki, ölkəmizdə yapon döyüş-idman növlərinə maraq durmadan artır. Eləcə də, bir çox ali məktəblərimizdə yapon dilini tədris edən kafedralar var ki. bu da azərbaycanlı gənclər arasında yapon dilinə və mədəniyyətinə marağın açıq sübutudur. 


Rəsmi hissədən sonra Yapon aşpazları tərəfindən hazırlanmış suşi və tempura kimi müxtəlif ənənəvi yapon təamları təqdim olundu. 

Daha sonraYaponiyanın ənənəvi döyüş sənəti olan cüdo üzrə nümayiş edildi.
 








Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: 20-02-2026, 20:18