Taliban Əfqanıstanda Əl-Qaidənin mövcudluğu ilə bağlı iddiaları rədd edir

Əfqanıstan İslam Əmirliyi (IEA) Əl-Qaidə və digər silahlı qruplaşmaların ölkədə yenidən qüvvələrini topladığına dair məlumatları rədd edərək, bu cür qrupların artıq mövcud olmadığını və iddiaları təsdiqləyən heç bir sübutun olmadığını bildirib.
Yerli mətbuatın yazdığına görə, İslam Əmirliyinin sözçüsünün müavini Həmdullah Fitrat qeyd edib ki, əvvəllər Əfqanıstanda mövcud olan qruplar keçmiş dövrün şərtləri və cihadı ilə əlaqəli idi, lakin sonrakı dövrdə baş verən mühüm regional hadisələr vəziyyəti dəyişib.
"Həmin qruplar artıq Əfqanıstanda yoxdur və onların mövcudluğuna ehtiyac da duyulmur. Həmçinin, onların varlığı ilə bağlı iddiaları sübut edən heç bir dəlil mövcud deyil", - deyə Fitrat bildirib.
Bu açıqlamalar "The Washington Post" qəzetinin şənbə günü ABŞ və Qərb təhlükəsizlik rəsmilərinə, eləcə də Birləşmiş Millətlər Təşkilatının bir qurumuna istinadən yaydığı məlumatdan sonra verilib. Həmin məlumatda iddia edilirdi ki, İslam Əmirliyinin 2021-ci ildə hakimiyyətə qayıtmasından bəri Əl-Qaidə və digər silahlı qruplaşmalar Əfqanıstanda öz şəbəkələrini yenidən qururlar.
Fitrat bildirib ki, bu cür iddialar Əfqanıstanı təhlükəsiz olmayan bir ölkə kimi təqdim etməyə və regionda qeyri-sabitlik yaratmağa çalışan müəyyən kəşfiyyat dairələri tərəfindən irəli sürülür.
O, bir daha vurğulayıb ki, IEA Əfqanıstan ərazisinin hər hansı digər ölkəyə qarşı istifadə edilməsinə yol verməyəcək.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:13


























