mobil versiya

İran Herat-Məzar dəmir yolu, mədənçilik və elektrik enerjisi istehsalı sahəsində əməkdaşlıq təklif edir





Əfqanıstan və İran iqtisadi, siyasi və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər. Tehran Herat-Məzar-Şərif dəmir yolunun tikintisi də daxil olmaqla, əsas infrastruktur və inkişaf layihələri üzrə əməkdaşlıq təklif edib.

Əfqanıstan Xarici İşlər Nazirliyi bildirib ki, Maliyyə və Administrasiya nazirinin müavini Məhəmməd Nəim ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və mövcud imkanlardan daha yaxşı istifadə yollarını müzakirə etmək üçün İranın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Həmid Qənbəri ilə görüşüb.

Tərəflər həmçinin İranda əfqan miqrantlarının üzləşdiyi çətinlikləri və viza prosedurlarının asanlaşdırılması yollarını, eləcə də miqrasiya ilə bağlı məsələlərdə daha sıx əməkdaşlığı müzakirə ediblər.

Nazirliyin məlumatına görə, Qənbəri İranın Herat-Məzar-Şərif dəmir yolunun tikintisi, mədənçilik və elektrik enerjisi istehsalında Əfqanıstanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Nəim iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsini vacib adlandırıb və bu sahədə birgə səylərin və əməkdaşlığın zəruriliyini vurğulayıb.

İranın Kabildəki səfirliyi həmçinin bildirib ki, iki rəsmi şəxs iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsini, xüsusən də Herat-Məzari-Şərif dəmir yolu da daxil olmaqla infrastrukturun inkişafı və gücləndirilməsini müzakirə ediblər.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:48