BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb
Sosial şəbəkələrdə 40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan video dərhal nəzarətə götürülüb.
Reportyor.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, araşdırma zamanı 204 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-775 dövlət qeydiyyatı nişanlı avtobusun sürücüsünün Ələkbərov Asəf Musa olduğu müəyyən edilib: "Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olaraq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib. 40 nömrəli avtobusun dövlət qeydiyyatı nişanının görüntülərdən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Bir daha qeyd edirik ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək".
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 16-09-2019, 21:04