mobil versiya

Azərbaycanda iki il əvvəl baş vermiş qətlin üstü açılıb - RƏSMİ - TƏFƏRRÜAT



Azərbaycanda iki il əvvəl baş vermiş qətlin üstü açılıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.

Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilmiş və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunmuşdur.
Aparılmış istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilmiş naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilmişdir.

Həmçinin, müəyyən edilmişdir ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hundai” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürdükdən sonra cinayətin izini gizlətmək məqsədilə sonuncunun meyitini İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırmışlar.

Toplanmış mötəbər sübutlar əsasında Ümidvar İbişov və Elvin Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

MANŞET / SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 1-06-2022, 17:30