mobil versiya

Qəzada ölən nişanlıların ACI HEKAYƏSİ




“İbrahimin anası yuxu gördü. Yuxuda oğlumuz əlində gül ilə böyük bir daşın üzərində oturub və deyir, ay Günel, həyatım, gəlmirsən? Artıq biz oyandıq ki...”.


REPORTYOR.AZ xəbər verir ki, bunu Lent.az-a qəzada dünyasını dəyişən nişanlı cütlük İbrahim və Güneldən danışan Rəhim bəy deyib. Rəhim bəy İbrahimin atasıdır. 

Bilmirik, bəlkə də bu hadisəyə üzülməkdə haqsızıq. Günel və İbrahim yenə qovuşub axı...
Rəhim bəy oğlunun fəaliyyətindən o qədər qürurlu, rahat danışır.
- Oğlum İbrahim 1990-cı ildə Balakən rayonunda doğulub. Gürcüstanda ali təhsil alıb. Daha sonra isə inşaat mühəndisliyi üzrə təhsil alıb. Çox bacarıqlı idi, idmana gedirdi. Gürcüstanda cüdo üzrə Azərbaycan bayrağını qaldırıb və ona Gürcüstan vətəndaşlığı təklif olunmuşdu. 
İnşaat mühəndisliyini bitirəndən sonra Bakıya gəldi. Burda isə o, Gəncədə depo inşaatında baş layihəçi işləyirdi. “Şərq bazarı”nda da layihə və sahə mühəndisi kimi işə başladı. Orada gördüyünüz gözəllikləri, miniatürləri düzəldən mənim oğlumdur.
Ən son olaraq o, Şüvəlanda layihəyə başlayacaqdı. Həmin iş onu yormuşdu. Özü dedi ki, bizim toyun vaxtını yaxınlaşdırın. 
Kimin arzusu belə tez reallaşar ki, Allah sizi daha tez qovuşdurmaq istəyib...
- Onlar Balakəndə, ötən ilin dekabrında “ASAN xidmət”in qarşısında tanış olublar. Son məqamlarında artıq İbrahim elə bil ki, Güneldən başqa heç kimi görmürdü. Günel də İbrahimdən başqa... İkisi də tərbiyəli, yetişmiş uşaqlar idi. Oğlum türk, ərəb və ingilis dillərində sərbəst danışırdı. Günel balam da ingilis dilini bilirdi. Maşında hamımız bir yerdə olanda onlar öz aralarında ingilis dilində danışırdılar ki, biz başa düşməyək.

Amma qəribə hekayənizi çox adam bildi...
- Hansı ki, fevral ayında nişanda oynamışdıq, qızıllar alınmışdı, xonçalar düzəlmişdi. Bu ayın 19-u toy olmalı idi. Ayın 10-u axşam mənə Bakıdan Balakənə yola çıxacağını bildirdi. Yəni toyu olacağı rayona. Mən ona dedim ki, gecdir, ay oğul. Dedi ki, yox, ata, axşam maşın az olur. Nişanlısı Günel AMEA-da laboratoriya mütəxəssisi kimi çalışırdı. Onu da götürüb, yola çıxıb...
Yola çıxıblar, amma o yol nə torpaqdan, nə də asfaltdan olmadı. O yol, bu dünyada olanlardan olmadı...
- Yağışlı hava, yeni tökülmüş qara asfalt. Yolu çaşıb və 90-100 arası sürətlə yoldan çıxıb. Yolu itirdikdən sonra isə yığışdıra bilməyib. Daha sonra yoldan aşağıda olan ağaca çırpılıb. Oğlum yerindəcə keçinib. Sonra orada sürücülər bunlara yaxınlaşıb. Günelin nəbzinin döyündüyünü görüb və onu Şəki mərkəzi xəstəxanasına aparıblar (ağlayır). Oğlumu isə morqa aparıblar. Qızımız həyatla çarpışdı. İbrahimin anası yuxusunda gördü ki, oğlumuz böyük bir daşın üzərində oturub və əlində güllə deyir, Günel, həyatım gəlmirsən? Beləcə deyib. Biz oyandıq ki, Günel dünyasını dəyişib. Onu dünən elə İbrahimin yanında torpağa tapşırdıq.


MANŞET / BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 17-06-2022, 10:13