“12-ci imam”a görə çənə sındıran saxta qazini kim himayə edir? - İstintaq prosesində müəmmalı məqamlar
Özünü “qazi” kimi təqdim edərək, “12-ci imam”, “Sahib əz-Zaman Mehdi” adı ilə 40-dan çox insanın milyonlarla pulunu ələ keçirən və cinayət məsuliyyətinə cəlb edilən Aqil Babayevi “xilas etməyə” çalışan Ceyhun Məhərrəmovun köhnə dostlarına qarşı aqressiv hərəkəti ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
Bu barədə Bakupost.az -a C.Məhərrəmovun şiddətinə və aqressiyasına məruz qalan Faiq Abdullayev danışıb.
O bildirib ki, mayın 3-də qardaşı Zaur Abdullayev yaşadığı Xətai rayonu, Əbilov 16 ünvanında yerləşən binanın həyətində Ramazan bayramı münasibətilə məclis təşkil edərək onu və digər dostlarını dəvət edib. O da 19:30 radələrində həmin ünvana gedib və birlikdə oturub yemək yeyiblər:
“Binanın sakinləri ilə yemək yedikdən sonra həmin yeri yığışdıran zaman saat 22:30 radələrində əvvəllər tanıdığım və dostluq etdiyim Ceyhunun həmin yerdən keçdiyini gördüm. Ceyhunla aramızdakı dostluq onun məni təxminən 4-5 ay əvvəl telefonla danışarkən küçə söyüşləri ilə söyməsinə görə pozulmuşdu. Həmin gündən onu görməmişdim.
Ramazan bayramı süfrəsində əyləşdiyimiz vaxt Ceyhun oradan keçirdi və ona yaxınlaşıb, nə səbəbdən məni söydüyünü soruşdum. O isə “yaxşı edib söymüşəm” deyib, yenidən məni təhqir etdi. Bu zaman Ramazan bayramı ilə əlaqədar qardaşımın təşkil etdiyi məclisdə dava düşməməsi üçün onu əlimlə itələyib, “get, sonra söhbət edərik” dedim, o isə mənə əl və ayaq zərbələri endirməyə başladı, bu zaman mən müvazinətimi itirərək yerə yıxıldım. Ceyhun isə dayanmadı, məni yerdə də vurdu. Qardaşım və məclisdə olan şəxslər müdaxiləsi ilə onu aralaşdırdılar. Ayağa qalxıb, dava düşməməsi üçün onlara yaxınlaşdım, hamını kənara çəkilməyə çağırdım, Ceyhuna da çıxıb getməsini dedim. Ceyhun isə əynində olan gödəkçəsini çıxarıb qardaşım və yanında olan şəxslərin üstünə hücum çəkmək istədi, mən isə onun qarşısında duraraq buna imkan vermədim, yenə çıxıb getməsi üçün onu itələdim. O isə anidən üz nahiyəmdən yumruq vurdu. Bu zərbəni və ümumiyyətlə, onu məni yenə vura biləcəyini gözləmirdim deyə, yerə yıxıldım, dodağım partladı. Həmin vaxt qardaşım və məclisdə olanlar yenə müdaxilə etdilər. Bundan sonra o çıxıb evinə getdi, biz isə həmin yerdən binanın həyətinə çıxıb getmək istəyən zaman o, hər iki əlində bıçaqla yenidən bizə hücum çəkdi. Lakin yanımda olan şəxslər binanın həyətinə açılan qapını örtərək arxasında dayandılar. Ceyhun qapını nə qədər açmağa çalışsa da, buna nail ola bilmədi. Beləliklə yanımda olan şəxslər onun çölə çıxmasının və bizi bıçaqlamasının qarşısını aldılar”.
Faiq Abdullayev bildirib ki, C. Məhərrəmovla aralarında olan münaqişə şəxsi zəmində baş verib:
“Ceyhun qardaşımın (Zaur Abdullayev – red.) qonşusudur və məclisdə iştirak edən bütün şəxslər, o cümlədən qardaşım Ceyhunla dost olublar. Lakin dediyim kimi, Ceyhunun haqsız hərəkətləri və söyüşlərinə görə dostluq pozuldu və bu hadisə baş verdi. Artıq bununla bağlı polisə şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, məsələyə hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, C. Məhərrəmov zərərçəkmiş qonşuların “İmam Mehdi” ilə bağlı istintaqa verdiyi ifadəsinə görə ona təzyiq etdiklərini iddia edib.
İftar süfrəsindəki dava ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
C.Məhərrəmov zərərçəkmişlərə şərt qoyub – “İmam Mehdi” – Aqil Babayevdən etdiyiniz şikayəti geri götürün, vurulan zərərlərdən imtina edin və o, azadlığa çıxsın, əvəzində may ayında baş verən dava ilə bağlı polisə verdiyim şikayəti geri çəkim.
MANŞET / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 10-08-2022, 15:13