“Nova-C” Aya enib
Amerikanın özəl şirkəti “Intuitive Maсhines”ə məxsus kommersiya məqsədli kosmik zondu ilk dəfə Aya enib və oradan siqnal ötürüb. Bu, 50 il əvvəl “Apollon” proqramının başa çatmasından sonra ABŞ-nin Aya ilk enişidir.
Tarixi hadisə NASA-nın sosial şəbəkə hesabında canlı yayımda işıqlandırılıb.
Aya eniş Bakı vaxtı ilə 03:23-də baş tutub. Enişdən sonra kosmik qurğu ilə əlaqə qurmaq mütəxəssislərin 10-15 dəqiqəsini alıb.
“Biz səthdəyik və siqnal ötürürük. Aya xoş gəlmisiniz”, – “Intuitive Maсhines” şirkətinin başçısı Stiv Altemus söyləyib.
Qeyd edək ki, “Odissey” adını almış “Nova-C” modulunun Ayda 14 gün ərzində fəaliyyət göstərəcəyi gözlənilir. Qurğu iş adamı İlon Maskın Amerika aerokosmik şirkəti “SpaceX”in “Falcon-9” daşıyıcı raketi ilə lazımi trayektoriyaya buraxılıb. “Falcon 9” fevralın 15-də yerli vaxtla saat 01:05-də (Bakı vaxtı ilə 10.05) Floridada Kanaveral burnunda yerləşən Con Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb. İlkin olaraq buraxılış fevralın 14-ü səhərə planlaşdırılsa da, texniki nasazlıq səbəbindən bir gün ertələnib.
MARAQLI / KARUSEL
Tarix: 23-02-2024, 11:28