mobil versiya

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək









"Meta" şirkətinə məxsus olan "WhatsApp" tətbiqi nəhayət ki, uzun zamandır gözlənilən bir funksiyanı – istifadəçi adı ilə mesajlaşma imkanını istifadəyə verməyə hazırlaşır. 

Reportyor.az "Valyuta.az"a istinadla xəbər verir ki, indiyə qədər platformada qeydiyyat və əlaqə üçün yalnız telefon nömrəsi tələb olunurdusa, yeni funksiyaya əsasən, istifadəçilər unikal hərf və rəqəmlərdən ibarət istifadəçi adı seçə biləcəklər.

"WhatsApp"ın beta yeniləmələrini izləyən "WABetaInfo"nun məlumatına görə, 25.17.10.70 versiyalı beta versiyada bu funksiya üzərində işlər davam edir. İstifadəçi adlarında xüsusi işarələrə (nöqtə və alt xət istisna olmaqla) icazə verilməyəcək. 

Eyni zamanda, təhlükəsizlik məqsədilə "www." ilə başlayan və ".com" kimi domenlə bitən adlara da icazə verilməyəcək. Əlavə olaraq, artıq istifadə edilən adlar seçilə bilməyəcək.
Məlumatda deyilir ki, istifadəçi adında edilən dəyişikliklər sistem tərəfindən bildiriş şəklində çatda göstəriləcək. Bu yenilik, xüsusilə istifadəçilərin şəxsi məlumatlarını qorumaq baxımından əhəmiyyətlidir. Belə ki, bu funksiya vasitəsilə insanlar öz telefon nömrələrini paylaşmadan sadəcə istifadəçi adı ilə əlaqə qura biləcəklər.
Hazırda bu funksiya inkişaf mərhələsindədir və istifadəyə verilməzdən əvvəl bəzi dəyişikliklər ola bilər. Lakin "WhatsApp"ın yaxın zamanda bu yeniliyi rəsmi olaraq təqdim edəcəyi gözlənilir.

MARAQLI / KARUSEL
Tarix: 4-06-2025, 17:00