İmkansız ailələrə iftar süfrəsi üçün yardım paylanacaq - AÇIQLAMA
“Məscidlər tərəfindən 100-ə yaxın imkansız ailəyə yardım göstərilib”.
Bunu Oxu.Az-a açıqlamasında Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.
O bildirib ki, vəziyyətdən asılı olaraq, iftar süfrələri verilməzsə, imkansız ailələrə yardım göstəriləcək:
“Şübhəsiz ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanan fətvada cəmiyyətə çağırış olacaq. Bu çətin günlərdə hər kəs bir-birinə yardım əlini uzatmalıdır. Bu günə qədər də məscidlərimizdə müxtəlif yardım kampaniyaları təşkil olunub.
Məşədi Dadaş məscidində dini icmamız tərəfindən 100-ə yaxın imkansız ailəyə yardım edilib. Düşünürəm ki, müxtəlif dini icmalar da bu prosesdə yaxından iştirak edəcək. Ramazan ayında maddi imkanı az olan şəxslərin öz evlərində iftar süfrəsi qurmalarına köməklik göstəriləcək”.
“Bu il Ramazan ayının ilk günü aprelin 25-nə təsadüf edəcək”, - deyə Hacı Şahin əlavə edib.
MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Tarix: 9-04-2020, 17:15