Oruc tutarkən toxluq müddətini uzadan qidalar qəbul edilməlidir

Həkim-terapevt Arzu Musayeva deyib: “Orqanizmi birdən-birə qida ilə yükləmək düzgün deyil, çünki oruc tutanlar arasında müəyyən xəstəlikləri olanlar da var. Xroniki xəstəliyi olanlar qidalanma ilə əlaqədar dərman qəbulunda dəyişiklik etməli olurlar. Təzyiqi və şəkərli diabeti olan xəstələr səhər-axşam imsak və iftar vaxtları dərmanları qəbul edərək oruc tutmağı davam edə bilərlər. İftardan fərqli olaraq imsak vaxtı daha tutarlı qidalara üstünlük vermək lazımdır”.
Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Əsas yeməklərdən bir neçə çeşid varsa, onlardan birinə üstünlük verilməli, mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərinin və qızartmaların, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyun iftar süfrələrində yer almaması tövsiyə olunur.
Həkim-diyetoloq Turanə Cəfərova isə iftar süfrəsinin bəzi qaydalarını xatırladıb: “İftar açılarkan soyuq su ilə deyil, otaq temperaturunda olan ilıq su, zeytun və yaxud xurma ilə açılmalıdır. Əvvəlcədən ağır yeməkdən başlamaq lazım deyil. Qidalanmağa tərəvəz salatı və yaxud da yüngül tərəvəz şorbasından başlamaq daha düzgündür. Şirniyyat yemək hissi varsa, onu yeməkdən 1 saat sonra qəbul etmək olar. Lakin o da ağır şirniyyatlar yox, süddən hazırlanmış yüngül şirniyyat olmalıdır”.
İftarla imsak arası bol miqdarda su içmək tövsiyə edilir. Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içmək məsləhət görülmür. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir. İftardan saat yarım və yaxud iki saat sonra gəzmək həzmə kömək edir, zəifləyən metabolizmi sürətləndirir və çəkinin artmasının qarşısını alır. Yatmazdan əvvəl qatıq yemək bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər(azərtac).
SAĞLAMLIQ / KARUSEL
Tarix: 12-03-2024, 11:36