mobil versiya

Hepatit viruslarından necə qorunmaq lazımdır?



“Hepatit viruslarından A və E fekal-oral dediyimiz, yəni infeksiyalara məruz qalan əl, su və qidadan yoluxulur. Hepatit B, C, D isə qan, tüpürcək, vaginal mayelər və sperma kimi yoluxan bədən mayeləri ilə təmas yolu ilə yayıla bilər. Bəzi hallarda pasiyentlər hətta haradan və necə yoluxduqlarını belə xatırlamır, çox vaxt da etiraf etməkdən çəkinirlər”.
Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib.
E.Məmmədov xəstəlikdən qorunmaq üçün bir çox şəxsi gigiyenik vasitələrə diqqət etmək vacib olduğunu vurğulayıb:
“Məsələn, dırnaqtutan, daraq, diş fırçası, xanımların manikür zamanı istifadə olunan alətlərin və s. şəxsi olması tövsiyə edilir. Qan və bədən mayesi ilə kontakta ola biləcək istənilən vasitə digər insanlar tərəfindən istifadə edilməmişdən öncə mütləq sterilizasiya olunmalıdır. Bu virusların əsas hədəf orqanı qaraciyərdir ki, onu zədələyib sıradan çıxarırlar. Qaraciyər sizi həyatda saxlamaq üçün hər gün 500-dən çox vacib funksiyanı səssizcə yerinə yetirir. Lakin viral hepatit infeksiyası da səssizdir, simptomlar yalnız xəstəlik irəlilədikdən sonra görünür. Qaraciyər xəstəliyinin əsas əlaməti halsızlıq, güc itkisi və yorğunluqdur. Virus kəskin və xroniki gedişli olur. Kəskin hepatit virusu zamanı xəstənin gözləri, dərisi saralır, halsızlıq, iştahasızlıq, ürək bulanma və s. əlamətləri ilə müşahidə edilir”, - deyə həkim bildirib.
Onun sözlərinə görə, kəskin gedişli Hepatit A el arasında sarılıq xəstəliyi kimi tanınır:
“Bu virusa insan bir dəfə yoluxa bilər, Hepatit A kəskin sarılıqla müşahidə edilir. Bəzi hallarda kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu dövrdə xəstələrin narahat olmaması və qaraciyərini lazımsız əlavə dərmanlarla yükləməməsi vacibdir. Əlamətlər üzə çıxdıqdan ilk 14 günü digər insanları yoluxdurmamaq üçün təmasdan çəkinmək lazımdır və həkimə müraciət etmək şərtdir.
Hepatit B və C daha sakit keçir. Pasiyentlər çox zaman öz xəstəliklərindən xəbərsiz olur və təsadüfən müayinələr zamanı xəstəlik aşkar edilir. Hepatit B daşıyıcısı olan əksər pasiyentlər bir immunoloji statusda olurlar. Yəni, qanda virus aşkar olunsa da, lakin qaraciyəri zədələmir. Bu qrup xəstələr müalicə olunmur, sadəcə izləmədə qalırlar. Pasiyentlər digər şəxsləri yoluxdura bilər, ona görə də daşıyıcılığı olan şəxslərin ailə üzvlərinin Hepatit B-yə qarşı vaksinasiya olunmaqları tövsiyə edilir. Hepatit B xəstələrində bəzən D hepatit virusuna da rast gəlinir. Bu iki virus birgə qaraciyərdə ciddi fəsadlara yol açaraq sirroz xəstəliyinə səbəbə ola bilir. D virusu sərbəst şəkildə yaşaya bilmədiyindən yalnız hepatit B olan xəstələrdə rast gəlir. Hepatit C çox nadirən kəskin gedişli olaraq, əksəriyyət xəstələrdə xroniki qaraciyər xəstəliyinə yol açır. Hepatit C virusunda daşıyıcılıq anlayışı yoxdur. Virus qanda aşkar edilibsə, mütləq müalicə olunmalıdır. Hepatit E az rast gəlinən bir hepatit virus növüdür, əsasən Şərqi və Cənubi Asiya regionunda yayılıb, öz-özünə üç həftəyə sağalan bir xəstəlik hesab edilir”, - deyə E.Məmmədov qeyd edib.(azərtac)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 29-07-2024, 12:59