Daha bir ölkə Rusiyadan "S-400" raketləri alır - VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkəsinin Rusiyadan aldığı vəsaitin bir hissəsini müasir silahlarının alınmasına və nüvə stansiyasının inşasına xərcləməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, Lukaşenko Belarusun Rusiya istehsalı olan "S-400" hava hücumundan müdafiə sistemlərini almaqda maraqlı olduğunu deyib.
Media nümayəndələri ilə görüşdə çıxış edən Belarus prezidenti qeyd edib ki, "S-400"lərin münasib qiymətə və kreditlə Belarusa çatdırılması Rusiya prezidentinin qarşısına qoyulub: "Çünki bu qədər pulumuz yoxdur. Bu səbəbdən danışırıq və əminəm ki, bu sistemləri əldə edəcəyik. Atom elektrik stansiyası üçün xeyli miqdarda pul yığmışıq. Mən bu hissəni xərcləməyə hazıram və "S-400"lər də daxil olmaqla, əhəmiyyətli miqdarda hərbi və texniki təchizat üçün 300-500 milyon dollar xərcləməyi proqnozlaşdırırıq".
Qeyd edək ki, "S-400 Triumf" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. "S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. "S-400" hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 10-08-2021, 10:00