Ağacları kəsən meşəbəyinə cinayət işi açıldı
Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Zaqatala Rayon Prokurorluğundan verilən məlumata görə, meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2021-ci ilin may ayının əvvəllərində xidmət etdiyi xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacı meşə gözətçisinin xəbəri olmadan kəsməsi nəticəsində təbiətə 8 792 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib.
Bu barədə rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
SON XƏBƏR / KARUSEL
Tarix: 6-10-2021, 10:30