mobil versiya

Amnistiya Aktının tətbiq olunması qadağan edilən cinayətlərin növləri açıqlanıb




"Amnistiyanın tətbiqi ilə əlaqədar bir sıra məhdudiyyətlər də müəyyən edilib".

REPORTYOR.AZ "report"a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

O bildirib ki, bu məhdudiyyətlər sırasına xüsusilə ağır cinayətlər, yəni cəza qismində on iki ildən çox azadlıqdan məhrum etmə nəzərdə tutulan əməllər, yaxud əvvəllər ağır cinayətlər törədən, yəni yeddi ildən çox azadlıqdan məhrumetmə ilə cəzalandırılan şəxslər daxildir:

"Bundan başqa, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya tətbiq olunması qadağan edilib.

Beynəlxalq öhdəliklərə uyğun olaraq korrupsiya cinayətlərinə Amnistiya Aktının tətbiqi olduqca məhduddur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə və mülkiyyət əleyhinə olan cinayətləri törədən şəxslərə aktın tətbiqi yalnız məhdud şəkildə qalmış cəzadan azad edilməsi halında mümkündür.

Məhdudiyyətlər sırasında alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən məcburi müalicə təyin olunmuş şəxslərlə bağlı hallar da vardır.

Bu qəbildən olan şəxslər barəsində 4 ay müddətində amnistiya tətbiq edilməli, lakin həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir".

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 24-11-2021, 10:00