“Nərmin sağdır, Gürcüstana aparıblar…” – İlkin Süleymanovun məhkəməsində ŞOK İFADƏ
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
REPORTYOR.AZ publika.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovla eyni təcridxanada saxlanan iki şahid dindirilib.
Şahid Eyvaz Əliyev deyib ki, ittiham olunan şəxsin nəyə görə tutulmasından xəbərdar olduğuna görə əvvəl onunla eyni kamerada saxlanmasını istəməyib. Lakin bir müddət sonra onun günahsız olduğuna əmin olub:
“Onun uşaq öldürdüyünə görə həbs olunduğunu eşitmişdim. Buna görə ona qarşı idim. Çünki mənim nəslimdən bir neçə nəfər Xocalı soyqırımı zamanı həlak olub. Sonradan isə mən üç övladımı və həyat yoldaşımı itirmişəm. İki ay yarım İlkinlə eyni kamerada qaldıqdan sonra əmin oldum ki, o, cinayətkar deyil. Əgər azca şübhəm olsaydı, inanın ki, mən onunla çörək kəsməzdim. Onu da deyim ki, İlkinə görə bizim kamera xüsusi nəzarətdə idi”.
Şahid təqsirləndirilən şəxsin əleyhinə ifadə verən digər kamera yoldaşlarının dediklərinə də münasibət bildirib:
“Bizimlə bir qalan iki məhkum deyib ki, İlkin gecə sayaqlayan zaman Nərmini öldürdüyünü deyib. Yalandır. Məhkum Baxşəli Qəhrəmanov deyib ki, guya içəridə hörmətli biri olub. Həmin adam “əxlaqsızlıq yuvaları” təşkil etdiyinə görə həbs olunmuşdu. Təcridxanada da hörmətli məhkum olmayıb. Ondan türmədə məlumat yığmaq üçün istifadə edirdilər. Orada təcridxana rəisinə kimi hamı bilirdi ki, İlkin günahsızdır”.
Şahid İlkin Süleymanovun əleyhinə ifadə verən digər kamera yoldaşı Rəvan İsmayılovun sözlərinə münasibət bildirərkən deyib ki, Rəvan İsmayılov təcridxanada olanda ona Nərminin sağ olduğunu deyib:
“Rəvan oğlunun canına and içdi ki, İlkin günahsızdır, Nərmin sağdır, onu Gürcüstana aparıblar”.
Məhkəmədə ifadə verən İlkinin kamera yoldaşı Raqif Mirzəyev də ittiham olunan şəxsin günahsız olduğunu deyib:
“İlkin təcridxanaya gələndə pis gündə idi. Elə vəziyyətdə idi ki, yaxınlaşanda qorxurdu. Bir müddət keçdikdən sonra danışdı. Deyirdi ki, mənim vicdanım təmizdir, gec-tez ədalət yerini tapacaq”.
Proses sabah davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 2-06-2022, 15:43