mobil versiya

Koronavirusdan sağalmış Bakı sakini: “Hərarətim 38,7 dərəcəyə yüksələndə...” - MÜSAHİBƏ



“Koronavirusa yoluxduğum ağlıma gəlməzdi. Düşünürdüm ki, gigiyena qaydalarına tam riayət edirəm. Analizin nəticəsi pozitiv çıxdı. Həkimlər mənə “koronavirusa yoluxmusunuz” deyəndə bir anlıq narahat oldum”.

REPORTYOR.AZ xəbər verir ki, "oxu.az"ın əməkdaşı koronavirus infeksiyasına yoluxan şəxslərdən biri ilə söhbət edib. Samir Seyidov (ad şərtidir) Bakıda yerləşən tibb müəssisələrindən birində müalicə alıb.

- COVID-19-a yoluxduğunuzu necə hiss etdiniz?

- İlk olaraq düşünmürdüm ki, koronovirusa yoluxmuşam. İşdə olarkən yüngül öskürək başladı. Baş ağrıları və halsızlıq hiss etməyə başladım.
Evə qayıdarkən isə halsızlıq bir qədər də artdı. Sonra hərarət qalxmağa başladı. Əvvəlcə 37,2 dərəcə oldu, daha sonra 38-ə qalxdı. Düşündüm ki, soyuqlamışam.

Hərarətim 38,7 dərəcəyə yüksələndə təlaşlanmağa başladım. Heç bir fikrim yox idi, lakin ölkədə yoluxma halları ilə bağlı vəziyyəti mediadan izləyirdim.

Bir anlıq şübhələndim. Karantin rejimindən qabaq hər kəs kimi, aktiv həyat tərzi keçirirdim. Lakin karantin müddətində də xüsusi qrafiklə çalışırdıq.

Konkret olaraq kimdən və ya haradan bu infeksiyaya yoluxduğumu təxmin edə bilmirəm. Bəlkə də, ətrafımda COVİD-19-a yoluxan şəxs olub, lakin mən onu bilməmişəm. Bəlkə o şəxs özü də bilmir. Nəticədə, infeksiyaya yoluxdum.

- Virusun ilk simptomlarını evdə hiss etmisiniz. Təcili tibbi yardım çağırdınız?

- Martın 31-də, dediyim kimi, halsız vəziyyətdə evə gəldim. Evdə ailə üzvlərim var idi. Lakin bir neçə saatdan sonra vəziyyətim ağırlaşdığı üçün təcili tibbi yardım çağırdım. Ona qədər isə şübhələndiyim üçün qabaqlayıcı tədbirlər görməyə çalışdım.

Müxtəlif antibiotiklər qəbul etdim. Beynimdə yaranan şübhələrə və ailəm üçün narahatlığa görə təlaşlı idim.

Təcili tibbi yardım briqadası gəlib analiz götürdü. Eyni zamanda, mən və ailə üzvlərim koranavirus şübhəsi ilə ehtiyat məqsədilə karantinə alındıq.

Məndə simptomlar olduğu üçün ayrı otaqda saxlanıldım. Analizlərin nəticəsi isə aprelin 8-də çıxdı. Məlum oldu ki, COVİD-19-a yoluxmuşam.
- Bəs ailə üzvləriniz arasında koronavirusa yoluxan oldumu?

- Xeyr, şükür ki, onlardan götürülən analizin nəticələri neqativ gəldi. Nəticələr elan olunan gün onlar evə buraxıldı. Mən isə müalicəyə başladım.

- Koronavirus testinin nəticələri müsbət çıxdıqdan sonra müalicə dövründə vəziyyətiniz necə oldu?

- Həkimlər analiz nəticələri müsbət çıxdıqdan sonra otaqdan çıxmağı və digər ailə üzvlərim ilə təmasda olmağı qadağan etdilər.
İlk olaraq ağciyərlərimdə hər hansı dəyişiklik olub-olmadığını yoxlamaq üçün rentgen müayinəsindən keçdim. Birinci dəfə nəticələr təmiz çıxdı.

Müalicə dövründə nəfəs almaqda çətinlik yaranırdı. Əsas məqsəd karantində saxlanılmaq və başqa şəxsləri yoluxdurmamaq idi. Aprelin 16-də ikinci dəfə analiz götürüldü. Bu dəfə nəticələr neqativ çıxdı. Məni əsas narahat edən nəfəs alarkən yaranan sancı idi.

- Bəs nəfəs alarkən hiss etdiyiniz ağrının səbəbi nə idi?

- Sancılara görə yenidən rentgen müayinəsindən keçirildim. Bu dəfə sağ ağciyərimdə yüngül pnevmoniya əlamətləri müşahidə olunduğu bildirildi. Zəruri müalicə yazıldı. Daha səkkiz gün xəstəxanada ayrıca palatada müalicə aldım. Artıq tam olaraq sağlamam.

- Bəs xəstəxana şəraiti necə, sizi qane edirdimi?

- Mənim müalicə aldığım xəstəxanadan və tibb heyətindən heç bir şikayətim yoxdur. Hər şey qaydasında oldu. Vəziyyətim mütəmadi olaraq yoxlanılırdı. Hərarət gündəlik qeydə alınırdı. İki dəfə analiz götürüldü və nəticələr neqativ (mənfi) oldu.
Qidalanmaya xüsusi diqqət yetirirdilər. Gənc olduğum üçün ciddi, ağır müalicəyə ehtiyac qalmadı, immun sistem güclü olduğundan virusa uğurla müqavimət göstərdi.

- Xəstəxanadan nə zaman evə buraxıldınız?

- Bütün yoxlamalar aparıldıqdan sonra aprelin 23-də xəstəxanadan evə buraxıldım. Lakin mayın 7-nə qədər evdə izolyasiya şəraitində qalmaq, küçəyə çıxmamaq və heç kimlə təmasda olmamaq tapşırılıb. Bu, ehtiyat məqsədilə tətbiq edilən bir məqamdır.

Artıq o müddət də bu gün bitir. Son olaraq bir dəfə də həkim müayinəsindən keçəcəyəm. Daha sonra normal həyata davam edə bilərəm.

- Koronovirusdan tam olaraq sağalmısınız. Özünüzü necə hiss edirsiniz?

- Özümü yaxşı hiss edirəm. Vəziyyətimi təsvir etsəm, əvvəl hiss etdiyim tipik simptomlar yoxdur. Başağrıları, başgicəllənmə, nəfəs almaqda çətinlik, öskürək yoxdur. Bir qədər halsızlıq hiss edirəm, amma o da çox narahat etmir. Yeganə problemim zəiflikdir. Demək olar ki, tam sağlamam.

- Bilirsiniz ki, koronavirusa yoluxan və sağalan şəxslərdən alınan qan plazmasından xəstə şəxslərin müalicəsində istifadə ediləcək. Donor olmağı düşünürsüzmü?

- Bəli, bu barədə məlumatım var. Qan nümunələrimin COVİD-19 xəstələrinin müalicə prosesinə yararlılığı müəyyən olunarsa, təbii ki, könüllü olaraq donor olaram.

- Bu gün aramızda koronovirus daşıyıcılarının olması istisna edilmir. Bəzi insanlar karantindən qorxduqları üçün vaxtında həkimə müraciət etmir. COVİD-19-dan sağalan biri kimi həmin şəxslərə nə tövsiyə edərdiniz?

- Karantindən qorxmasınlar. Heç bir problem olmur. Bu, əvvəlcə özümüzün, ailə üzvlərimizin, daha sonra isə cəmiyyətin təhlükəsizliyi üçün vacibdir. Hər kəs məsuliyyətli olmalıdır. Xüsusilə, gigiyena normalarına riayət etməliyik.

Özündə halsızlıq, COVİD-19 simptomu kimi qeyd olunan narahatlıq hiss edən şəxslər çəkinmədən təcili tibbi yardıma müraciət etsin.
Düşünürəm ki, immuniteti güclü olan şəxslər hətta xəstələndiyini fərq etmədən belə sağalır. Odur ki, qorxmağa, təlaşlanmağa ehtiyac yoxdur.

Ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq üçün həkimlərin və hökumətin bütün tapşırıqlarına əməl etmək lazımdır.
Xatırladaq ki, ölkəmizdə 2 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 536 nəfər müalicə o
lunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169 790 test aparılıb.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 7-05-2020, 14:57