“Çirkli informasiya” dalğası... - Azərbaycan cəmiyyəti pandemiya sınağından necə çıxdı?
Ümumi müşahidə onu göstərir ki, Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır, əksər insanlar böyük məsuliyyət, nizam-intizam göstərir. Eyni zamanda pandemiya elan olunduqdan dərhal sonra Azərbaycan dövləti səfərbərlik elan edib, bütün dövlət qurumları xüsusi iş rejimində çalışmağa başlayıb.
Lakin o da var ki, karantin rejiminin uzanması insanlarda istər-istəməz psixoloji və hətta fiziki yorğunluq yaradır. Digər tərəfdən dünyada yayılan “çirkli informasiya” dalğası, internet mediası və xüsusən də sosial şəbəkələrdə yayılan konspiroloji nəzəriyyələr insanlarda virusa qarşı inamsızlıq və şübhənin yaranmasına səbəb olur. Azərbaycanda koronavirusa yoluxanların sayı artsa da, yuxarıda qeyd etdiyimiz səbəbdən hələ də cəmiyyətdə bəşəriyyəti təhdid edən bu infeksiyanın mövcudluğuna inanmayanlar var.
BAKU.WS xəbər verir ki, koronavirus pandemiyası barədə ən çox yayılan konspiroloji nəzəriyyələr insanlara çip qoyulması, koronavirusun hansısa gizli qüvvələrin oyunu olması, böyük güclərin bioloji müharibəsi və dünya əhalisinin sayının azaldılması barədə məxfi plandır.
Bu nəzəriyyələr dünyanın hər yerində olduğu kimi Azərbaycan cəmiyyətində də populyardır.
Koronavirusun mövcudluğuna inanmayanlar, yəni COVİD 19-un bir oyun olduğuna, yaxud insanlara çip qoyulması üçün uydurulduğuna inananlar az da olsa vardır. Təbii ki, virusun mövcudluğuna inanmayan vətəndaş nə tibbi maskadan istifadə edəcək, nə sosial məsafə saxlayacaq, nə də tələb olunan digər qaydalara əməl edəcək. İnanmayan bir nəfərin yoluxması isə onlarla insanın yoluxmasıdır. Nəticə etibarı ilə bu şayiələr xəstəliklə mübarizəyə mənfi təsir edir.
Düzdür, kifayət qədər nüfuz və etibar sahibi olan şəxslərin təhlükənin nə dərəcədə real olduğunu təsdiqləməsi, eləcə də yoluxma sayının sürətlə artması bu konspiroloji nəzəriyyələrə inananların sayını xeyli azaldıb. Artıq insanlar cəfəngiyata deyil, üz-üzə qaldıqları real vəziyyətə inanır. Artıq insanlar anlayırlar ki, xəstəliyin yayılmasına qarşı yeganə effektiv mübarizə yolu karantin və məhdudiyyətlər, eləcə də maska, sosial məsafə kimi qaydalara riayət olunmasından keçir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 23-06-2020, 17:12