Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib
Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Bu barədə REPORTYOR.AZ-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.
5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.
6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.
Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
SON XƏBƏR / KARUSEL
Tarix: 21-10-2020, 09:58