mobil versiya

Oxu ki, sənin də için yansın


Avtandil Ağbabanı şəxsən tanımasam da adını Sumqayıtlı yazar dostlarımdan (ən çox da İbrahim İlyaslıdan) çox eşitmişəm. Ağbaba ağrısını həmişə canımda hiss etdiyimdən bu imza mənə doğma gəlib. Bu gün AYB-nin Sumqayıt bölməsinin facebook səhifəsində bir şəkil gördüm. Şəkildəki üzün antrapaloji görünüşü bizim oraların cizgilərindəniydi. Şeirləri oxuyanda elə ilk misradanca bu şəkilin də bu şeirlərin də müəllifinin Aftandil Ağbaba olduğunu yəqin etdim. Əlbəttə ki, bu mənim yox daha çox Onun hünəridir. Mövzu nə qədər ağır və ağrılı olsa da, şeirlər Ağbabanın şirin danışıq təhkiyəsi və ləhcəsi ilə zəngin olduğu üçün bal kimi cana soruldu. Mən bilmirəm özləri-özlərinə ədəbiyyatın adınnan danışmaq ixtiyarı verənlərin bu şeirlərə münasibəti necə olacaq. Ancaq mən bu şeirləri bəyənmədim gözümə təpib, Sabir Sarvan demiş ruhuma yavanlıq elədim. Oxucu dost! Bu şeirləri Sən də oxu. Oxu ki, sənin də için yansın. Tüstüsü soğulan yurdumuz Ağbabanın odu-alovu səni də qarsısın. Bax Onda biz içi də çölü də bir-birinə tən gələn dostlar olacıq. Yoxsa indiki dostluğumuza bir qoz...


DÜNYA YARANANDA
Dünya yarananda Adəm babamız,
Allahın ən doğma adamı imiş.
Şeytan bu dünyanın ən ağıllısı,
Adəmsə ilk böyük avamı imiş.
Açdığı yollarda gedirik hələ,
Hər addımda hiylə, hər yerdə tələ.
Daşqınlar, yanğınlar, ölüm, zəlzələ...
Tanrının insana divanı imiş.
Avtandil, çox olub quyu qazanın,
Heç kəs poza bilməz haqqı yazanı.
Cəza günahların, günah cəzanın,
Ölüm də həyatın davamı imiş.
***
QÜRBƏT ELİN AĞRISI
Qürbətdə ovuna bilməyən bir eloğlum oğluna at aldırır, kənddəki kimi qoyun otarır. Ancaq yenə dinclik tapa bilmir. Oğlu ondan nə istədiyini soruşduqda: “Mən kəndimizin üstündəki Qalaçadan süzülən çəni istəyirəm”-deyir.
Eşitdim qürbətdə çən istəyibsən,
Yollar yaxın,dağlar uzaq, sən harda?
Qanqallı bulaqmı səslədi səni,
Çaylar səssiz, çeşmə qərib, gün harda?
Ər kişinin əsli, zatı gərəkdi,
Altında bir bədöv atı gərəkdi,
Dinəndə hər sözün qatı gərəkdi,
Qılınc paslı, xəncər qanlı, qın harda?
İnsan insan ilə dil tapa bilər,
Çəmən tapa bilər, gül tapa bilər,
Özünə bir simsar el tapa bilər,
Göz yaşı tökər, dil harayda, ün harda?
Nə istədin oldu, sənin olmadı,
Kərəntin, xırmanın, dənin olmadı,
Çopur qayalarda çənin olmadı,
Duman getdi, çəhlim itdi, çən harda?
Gün gələ Avtandil yollarda aza,
Bata dağ yolunda torpağa, toza,
Öz oğlu vətəndə qəbrini qaza,
Qürbət eldə ruh hardadı, can harda?!
DAYANIB
Bu dünyanın hər yerində,
İblis və mələk dayanıb.
Bir başında ağ kəfənlər,
Bir yanda bələk dayanıb.
Elə açıbdı ağzını,
Kimsə anlamır məğzini.
Kəsmək üçün boğazını,
Əlində çörək dayanıb.
Göylərində quşları çox,
Yer üzündə daşları çox,
Aparmağa başları çox,
Kəmfürsət fələk dayanıb.
Getməz könüldən yarası,
Əməlləri üz qarası,
Nifrətlə sevgi arası,
Bir parça ürək dayanıb.
Qatan qatıb xəmrimizi,
Verən verib ömrümüzü,
Kimdisə gözləyir bizi,
Hardasa ələk dayanıb.
QOŞMA
Allah bəndələri sınağa çəkər,
O bəndədən biri mənəm, ay dədə.
Qaydadı çən-duman zirvəyə çökər,
Haqdan əsən yeldə çənəm, ay dədə.
İt ağzında gedir qisməti qurdun,
Necə çilikləndi isməti yurdun.
Şoralandı qanı, kəsmədi yurdu,
Qanla suvarılan dənəm, ay dədə.
Asdılar Babəki “as” deyən kimi,
Kəsdilər qolunu, “kəs” deyən kimi,
Dəmiri nəm didib, pas yeyən kimi,
Gəmirir ömrümü bu qəm, ay dədə.
Haqqın yolçuları haqq aşığıdı,
Kərəm Əsli dedi haqqa şığıdı,
Mənim axtardığım haqq işığıdı,
Çarmıxa çəkilən ünəm, ay dədə.
***
Bu doğma şəhərdə bilmirəm niyə,
Dogmalar içində elə bil yadam.
Mən özüm özümü kül eləməyə,
Bir dilim alovam, bir çınqıl odam.
Dolmur otağıma dağın havası,
O dağlar hardasa çənə bürünür.
Vallah, indi mənə sıçan yuvası,
Uca saraylardan geniş görünür.
Ürəyim titrəyir torpaqdan ötrü,
Bu bolluq içində bərəkət çatmır.
Bir ağacdan ötrü, yarpaqdan ötrü,
Əllərim bir işə yatmır ki yatmır.
Göyərmir dilimdə qəlbimin səsi,
Nə oldu o səsə, ünə bilmirəm.
Dolaşa bilərəm mən bütün ərzi,
Öz halal yurduma dönə bilmirəm.
Tutuşur şəhərdə dərdlərim dən-dən,
Təzə yurdda yuxu gözümdən qaçır.
Bir kəndli balası çıxıb içimdən,
Qaçır, ayaqyalın, özümdən qaçır.

AVTANDİL AGBABA



YAZARLAR
Tarix: 1-10-2019, 14:32