mobil versiya

Araz Elsəsdən SENSASİON MÜSAHİBƏ: "İlham Əliyevin həmin mesajlarından sonra..."


"Xudafərində bütövlük deyə ürəkdən hayqırmaq istəyirəm"

"Bu mesajlar millətimizdə böyük bir sevinc hissi yaradıb"

Musavat.com tanınmış güney azərbaycanlı ozan Araz Elsəslə müsahibəni təqdim edir:
- Araz bəy, hazırda harada yaşayırsınız, nə işlə məşğul olursunuz?
- Hazırda İsveçdə yaşayıram. Özəl şirkətim var, orada çalışıram. Ancaq ozan kimi yeni-yeni əsərlər yazmağa çalışıram, özəlliklə də indiki durumda. Yeni mahnılar yazmışam, yaxın günlərdə işıq üzü görəcək. Mənim əsas işim sazlı-sözlü millətimizlə görüşməkdir, çalışıram hər zaman onların görüşünə gedim.
315920460_3487871321432508_1248357109259232455_n.jpg (233 KB)
- Sonuncu dəfə Azərbaycanda nə vaxt və hansı səbəblə olmusunuz?
- Sonuncu dəfə Azərbaycanda pandemiyadan 2-3 ay öncə olmuşam. Qaçaraq, atüstü bir görüş oldu. Dostlarla görüşdüm, bir az enerji aldım, vətənin havasından, suyundan aldım, yenə qürbətin qoynuna geri döndüm. Yurdu görmək, yurddaşlarla görüşmək hər zaman gözəldir. Yurdu qarış-qarış dolanmaq istəyirəm.
- Qarabağla bağlı hansı arzularınız var?
- Qarabağı, Şuşanı, bütün Azərbaycanı görmək istəyirəm. Ancaq bu an ən çox görmək istədiyim, hayqırmaq istədiyim, sazlı-sözlü mahnılar söyləmək istədiyim yer Xudafərin körpüsüdür. Ürəyim çox istəyir ki, Xudafərində millətimizlə görüşüb orada gözəl bir konsert verim. Xudafərində bütövlük deyə ürəkdən hayqırmaq istəyirəm. O taylı, bu taylı Azərbaycana hayqırmaq istəyirəm. Bununla bağlı hər hansı bir yerə müraciətim olmayıb. Son zamanlar dostlarımızla, media mənsublarımızla görüşlərdə bu istəyim barədə bildirmişəm. Qanad açıb, uçub gəlmək istəyirəm. Belə bir təklif olsa, sevə-sevə, uça-uça gələcəm.
316120739_1234595320453753_6892384003952611798_n.jpg (83 KB)
- Sizcə, Güney Azərbaycandakı milli hərəkat nə vaxtsa bu qədər effektli olub?
- Güney Azərbaycanda milli hərəkat olduqca güclü vəziyyətdədir. Bütün İranın gücünü tərəzinin bir gözünə, Azərbaycan milli hərəkatını tərəzinin o biri gözünə qoysaq, milli hərəkat ağır gələr. Keçən 100 ildə milli hərəkat bu qədər güclü olmayıb. Bu fürsətdən yararlanıb millətimizi səadətə çatdırmaq çox önəmlidir. İnanıram ki, millətimiz bu fürsəti dəyərləndirəcək və ən qısa zaman içində öz bayrağını qaldıracaq. Kimiləri düşünür ki, İranda bəlkə daha demokratik bir hökumət qurula bilər. Orada biz də, başqa millətlər də daha demokratik bir ortamda yaşayarıq. Ancaq bunlar məncə, Azərbaycanın tələblərinə cavab vermir. Güney Azərbaycanda özəlliklə gənclərimiz Azərbaycanın İrandan qurtulmasının tərəfdarıdır. İnanıram ki, milli hərəkat gücünü ortaya qoyacaq, ayağını yerə vuracaq, qalxıb artıq öz bayrağımızın altında yaşayacağıq. Güneyli, quzeyli Azərbaycan olaraq bizim üçün bütövləşmək bu gün ən vacib məsələdir. Güney Azərbaycana ən çox yaraşan onun qurtuluşudur. Güney Azərbaycan İrandan qurtulub, quzeylə birləşib bütöv Azərbaycan yaranacaq. Buna 100 faiz inanın. Güneyli-quzeyli əl-ələ verib, çiyin-çiyinə bu yolda yürüyüb, sonda bütövlüyə çatacağıq deyə düşünürəm. Biz Arazda bölündük, biz bölündüyümüz, ayrıldığımız yerdə yenidən birləşəcəyik. Azərbaycanın ən böyük zəfəri Xudafərin körpüsündə qeyd olunacaq deyə düşünürəm.
- Bizim istəklərimizə, tələblərimizə federal İran cavab verə bilməz... 
- Fərqli fikirlər, düşüncələr var. Ancaq ən güclü düşüncə əvvəldə də qeyd etdiyim kimi, milli hərəkatdır. Onların əksəriyyəti Azərbaycanın müstəqil olmasının və bütövləşməsinin tərəfdarıdır. Bizim istəklərimizə, tələblərimizə federal İran cavab verə bilməz. Biz federal sistemi yoxlamış bir millətik. 100 il içərisində məşrutiyyəti yaşamış bir millətik. Biz muxtariyyəti və ya federalizmi yaşamış bir millətik. 100 illik təcrübələr onu deyir ki, axtardıqlarımız ancaq istiqlalla əldə olunacaq. Ona görə İranda federalizm, demokratikləşmə şüarları bizim üçün keçərli deyil. Bizim istəklərimizə cavab verən Azərbaycanın İrandan qurtuluşu və Quzey Azərbaycanla birləşib bütöv Azərbaycanın yaranmasıdır. O zaman bizim yaramız toxtayacaq deyə düşünürəm.
315088060_733264465090171_8047108064303660231_n.jpg (98 KB)
- Azərbaycanın dəstəyini necə dəyərləndirirsiniz?
- Azərbaycanda KİV-in son həftələrdə Güney Azərbaycanla bağlı səmimi çıxışları, çox gözəl verilişlərin hazırlanması bizi, bütün güneyliləri çox sevindirir. İnsanlarımızın ürəyi dağa dönüb, bu mübarizədə, bu çətin günlərdə özlərini tək hiss etmirlər. Artıq millətimiz bilir ki, Arazın quzeyində bir dövlətimiz var, bu dövlət bizi düşünür və gələcəkdə bizi birləşdirəcək. Bununla yanaşı, Türkiyənin bizim yanımızda olması çox vacib məsələdir, bu, millətimiz üçün çox önəmlidir. Son həftələrdə cənab İlham Əliyevin çox önəmli mesajları olub. Bu mesajlar millətimizdə böyük bir sevinc hissi yaradıb. Güney Azərbaycanda insanlarımız bu mesajları eşitdikdən sonra özlərini çox xoşbəxt hiss edirlər.
66147634_10157917254133521_1086744785949032448_n.jpg (398 KB)
Bizim İrandakı başqa millətlərlə və ya başqa xalqlarla çox böyük bir fərqimiz var. Biz çoxluq təşkil edirik, biz ayağımızı yerə vurduğumuz zaman İrandakı balans pozulacaq. İkincisi, bizim Quzey Azərbaycanda hazır dövlətimiz var. Üçrəngli, ay-ulduzlu bayrağımız Bakıda, Quzey Azərbaycanın qarış-qarışında dalğalanır və çox yaxın gələcəkdə daha böyük ərazilərdə dalğalanacaq. Bu bayraq Təbrizdə dalğalanacaq. Biz başqa millətlər kimi hər şeyi yenidən qurmayacağıq. Bizim üçün hər şey hazırdır. Dövlətin bütün strukturları hazırdır. Sabah sadəcə coğrafiyamız böyüyəcək. Ən yaxın gələcəkdə biz birləşdikdən sonra daha böyük parlamentimiz, seçkilərimiz olacaq, yurdumuzun dörd bir yanından millətimiz nümayəndələrini seçəcək. Millətimiz İrandan qurtulduğu zaman çox sadə şəkildə birləşəcək. Gələcək bizimdir, gələcək bütöv Azərbaycandır. Buna inanmaq lazımdır. Buna dövlət və millət olaraq, güneyli-quzeyli hazır olmaq lazımdır. Bu işi birlikdə çözəcəyik. Bu işi çözməyin zamanı gəlib artıq. Güneydən və Quzeydən Araza doğru qaçıb gələcəyik, Arazın kənarında bir-birimizi bağrımıza basacağıq və Azərbaycanın bütövlüyünü qeyd edəcəyik. O günə çox qalmayıb, buna inanın. Əvvəllər buna xəyal deyənlər indi gerçək deyə düşünürlər. Hər kəs bunu qəbul etməyə məcburdur. Bizi sevməyənlər, düşmənlərimiz artıq bu gerçəyi qəbul edəcəklər deyə düşünürəm. Ən gözəli də o olar ki, bu gerçəkləri indidən qəbul etsinlər və bütün bu məsələlər ən az itki ilə, barış içində həll olunsun. Ancaq bütöv Azərbaycanın yaranması üçün nə lazımsa, biz onu ödəməyə hazırıq. Lazım olarsa, minlərlə, yüz minlərlə ölməyə hazırıq, təki Azərbaycan birləşsin. Bu bizim boynumuzun yüküdür, bu bizim borcumuzdur. Bu yükü məqsədin sonuna qədər daşıyacağıq, inanın, Azərbaycanı bütövləşdirəcəyik. Çox sağ olun ki, bizimləsiniz, bütöv Azərbaycanlasınız. Güneydəki məsələləri işıqlandırdığınız üçün minnətdaram. Millətimizə dəstək olduğunuz üçün çox sağ olun, sizə sevgilərimi yollayıram.
Aytən Novruz
Musavat.com


CƏMİYYƏT / REDAKTOR SEÇİMİ
Tarix: 18-11-2022, 11:36