mobil versiya

Neft Fondu vəsaitlərinə 20 faiz qənaət edilib



Azərbaycan büdcəsində 2 milyard manata yaxın profisit var
Azərbaycanın dövlət büdcəsinin 2022-ci ilin doqquz ayındakı icra vəziyyəti, demək olar ki, bütün mənbələr üzrə daxilolmalarda artım olduğunu göstərir. Maliyyə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, doqquz ayda büdcəyə 22 milyard 401,4 milyon manat daxil olub ki, bunun da 20 milyard 470,7 milyon manatı xərclənib. Beləliklə, qeyd olunan dövrdə büdcədə 1 milyard 930,7 milyon manatlıq profisit yaranıb.
Yanvar-sentyabrda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 451,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4 milyard 97 milyon manat və ya 64,5 faiz çoxdur. Daxilolmaların 59,2 faizi və yaxud 6 milyard 191,7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 498,9 milyon manat və ya 31,9 faiz çox olub. Daxilolmaların qalan 40,8 faizi və yaxud 4 milyard 259,7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 598,1 milyon manat və ya 2,6 dəfə çoxdur.
Dövlət Vergi Xidmətinin xətti ilə proqnozdan artıq daxil olan vəsaitin 20,2 faizi və yaxud 195,9 milyon manatı qeyri-neft sektorunun, 79,8 faizi və yaxud 774,8 milyon manatı neft sektorunun payına düşüb. 2022-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4 milyard 227,5 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 650,3 milyon manat və ya 18,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə  milyard  34,3 milyon manat və ya 32,4 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 580,8 milyon manat vəsait daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 126,8 milyon manat və ya 27,9 faiz çoxdur.
Məqsədli büdcə fondlarının (“Avtomobil yolları” Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 110,9 milyon manat və ya 2,5 dəfə çoxdur. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 416,4 milyon manat vəsait daxil olub.
Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 8 milyard 82,7 milyon manat məbləğində transfertə qarşı 6 milyard 542 milyon manat məbləğində transfert daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1 milyard 540,7 milyon manat və ya 19,1 faiz az istifadə olunmasına imkan verib.
Doqquz aylıq büdcə xərclərinə gəlincə, burada 21 milyard 39,2 milyon manat proqnoza qarşı 20 milyard 470,7 milyon manat və ya 97,3 faiz icra qeydə alınıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2 milyard 758,7 milyon manat və ya 15,6 faiz çoxdur.
Dövlət büdcəsi xərclərinin 12 milyard 669,4 milyon manatı və ya 61,9 faizi cari xərclərə, 6 milyard 608,3 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə, 1 milyard 193,0 milyon manatı və ya 5,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8 milyard 442 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur.
2022-ci ilin doqquz ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60,5 faiz və ya 1 milyard 668,9 milyon manat (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir.), mənzil və kommunal təsərrüfatı xərclərinə 33,2 faiz və ya 40,1 milyon manat, təhsil xərclərinə 18,9 faiz və ya 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15,9 faiz və ya 219,0 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15,3 faiz və ya 22,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14,2 faiz və ya 35,4 milyon manat, səhiyyə xərclərinə 3,3 faiz və ya 37,0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,1 faiz və ya 80,4 milyon manat çox vəsait yönəldilib.
Maliyyə Nazirliyi bəyan edir ki, doqquz ayda dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
Beləliklə, dünya bazarında enerjidaşıyıcılarının qiymətinin yüksək olması, həmçinin ölkədə inflyasiya səviyyəsinin artması Azərbaycanda dövlət büdcəsinə irihəcmli əlavə vəsaitlərin daxil olmasını şərtləndirib. Bunun hesabına hökumət Neft Fondundan transfert proqnozundan daha az məbləğ xərcləyib.
 

İQTİSADİYYAT
Tarix: 22-10-2022, 14:45