mobil versiya

“Xudayar təsnifini” aranjiman edən yapon pianoçu təəssüratını bölüşüb


“Xudayar təsnifi” kimi məşhurluq qazanmış “Vətən yaxşıdır” mahnısını aranjiman edərkən Azərbaycan musiqisinin gözəlliyini qəhrəmanlıqla birləşdirərək, yaşadığım hissləri dinləyicilərə çatdırmağa çalışdım.
Bu fikri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində “Xudayar təsnifi”ni aranjiman etmiş pianoçu Yusey İnui söyləyib. O deyib ki, ilk dəfə həmin mahnı üzərində işləmək təklifi alanda Azərbaycan haqda heç nə bilmədiyini düşünüb və bunu sifarişçilərə söyləməyə utanıb. Təcili internetdə araşdıraraq ölkəmiz haqda daha çox məlumat toplamağa çalışıb. Mahnının orijinalı ilə yanaşı, digər Azərbaycan musiqisi nümunələri ilə tanış olub. Yutub vasitəsilə Azərbaycanı öyrənməyə, necə deyərlər, bu ölkənin ab-havasını, qoxusunu təsəvvüründə canlandırmağa çalışıb: “İlk təəssüratlarım heyrətamiz idi. Sizin musiqiniz öz gözəlliyi ilə məni heyran etdi. Bu xalqı, onun qədim və zəngin mədəniyyətini indiyədək tanımadığıma görə özümdən utandım”.
Sonra sifarişçilər ona mahnının tarixi haqqında danışıblar: “Bu həqiqətən heyrət doğuracaq bir hekayə idi. Xudayarın ifasında mahnını dinlədikcə bu azərbaycanlı gəncin ürəyindən axıb dilinə gələn Vətən sevgisini daha çox anladım və bu hissləri aranjiman etdiyim musiqidə canlandırmağa çalışdım. Bu hisslər mənim ilham mənbəyimə çevrildi.
Mahnı üzərində işləyərkən onun dinamizmini və gücünü ritmlərlə, hüznünü və kədərini isə melodiya və akkordlarla ifadə etməyə çalışdım. Yaponiya dinləyicilərinin bu musiqini daha yaxşı anlaması üçün isə mahnının quruluşuna və akkordlarına müəyyən əlavələr etdim. Onun kədərini təqdim etmək üçün intro və intermediyadan yararlandım. Nəticə etibarı ilə həm yaponların, həm də Azərbaycan xalqının bəyənəcəyi bir aranjiman yarada bilmişəmsə, bu məni çox sevindirir”.
“Xudayar təsnifi”ni ifa edərkən keçirdiyi hisslər barədə suala cavab verən pianoçu bildirib ki, mahnının daşıdığı mənanı dərindən başa düşdüyünə görə onu bütün qəlbi ilə hiss edir: “Həmçinin düşünürəm ki, bu musiqini dinləyən hər bir insan yalnız münaqişələrə deyil, həm də onun gətirdiyi ağrılı duyğulara və gərgin anlara baxmayaraq, irəliləmək üçün özündə güc hiss edir. Bu ağrı-acını dəf edərək gələcəyə daha böyük ümidlə baxmağa başlayır. “Xudayar təsnifi” üzərində çalışarkən insanlara bu inamı aşılayacaq bir musiqi nümunəsi yaratmağa çalışdım və düşünürəm ki, buna nail ola bildim. Mahnını məhz bu hissləri qəlbimdə yaşayaraq ifa etdim”.
Gənc pianoçu əlavə edib ki, həmin melodiyanı ifa edərkən, Azərbaycan xalqının yaşadığı hissləri yaponlara çatdırmaqla yanaşı, bu mübariz xalqla həmişə birlikdə olduqlarını göstərməyə çalışıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 22-12-2022, 11:18