mobil versiya

Bu gün dastana dönən şəhidimiz Xudayarın doğum günüdür




Bu gün Vətən Müharibəsinin şəhidi, ifası ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

REPORTYOR.AZ xəbər verir ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.

Atası - Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası - Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar - üç qardaş və bir bacı.

Qeyd edək ki, gizir şəhid İkinci Qarabağ müharibəsində, oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Məlahətli, ürəyəyatımlı səsi ilə oxuduğu “Vətən yaxşıdır” mahnısıyla tanıdıq onu. Vətən torpağına ayaq basmanın xoşbəxtliyi gülən gözlərindən oxunurdu.

Cəbhədə canı-qanı ilə vuruşan minlərlə vətən övladından biri idi gizir Xudayar Yusifzadə. Ölümündən əvvəl çəkilən görüntüləri ilə hər kəs sevdi onu.

22 yaşlı gənc doğulandan 24 gün sonra atasını itirib. Xudayar evin sonbeşiyi idi: üç qardaş, bir bacının ən kiçiyi.

Atasız böyüyən Xudayarı nənə-babası himayəsinə götürür. Atasından qalan ev Xudayar hərbi xidmətdə olanda elektrik naqillərinin qısaqapanmasından yanaraq kül olduğundan kirayələrdə qalırdı.

İşləmək üçün paytaxta yollanan Xudayar və ailəsi taleyin çətinlikləri qarşısında əyilməyib.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
SON XƏBƏR / KARUSEL
Tarix: 15-07-2021, 10:00