Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bu gün saat 21:00-dan etibarən paytaxtın bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.
Nərimanov rayonunda isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyətlər aparılan işlər başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:00


























