mobil versiya

“Test imtahanında uğur qazananlar sertifikatlarını ala bilərlər”- DİM



İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün yanvarın 15-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün bu gün saat 10:00-dan yanvarın 30-u saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda);
Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Akademik Həsən Əliyev küçəsi, 299) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

KARUSEL / ÖLKƏ
Tarix: 16-01-2023, 11:51