mobil versiya

Bakıda restoran və dönərxanalara at əti satan şəxs saxlanılıb



Cəlilabadda mal əti adı altında at əti satan şəxs iş başında yaxalanıb.
Qida Təhlükəsizliyi Agentliyinin (QTA) Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi reyd zamanı rayonun Maşlıq kənd sakini Səbuhi Abbasovun təsərrüfatında kəsilmiş at cəmdəkləri, eləcə də at sümükləri aşkarlanıb. Məlum olub ki, Səbuhi Abbasov kəsdiyi at ətini müxtəlif vaxtlarda Bakıda müxtəlif restoran və dönərxanalara mal əti adı altında satıb.
QTA-nın əməkdaşı Tamerlan Məmmədov bildirib ki, Cəlilabad rayonu Maşlıq kənd sakini Abbasov Səbuhi Tərlan oğluna məxsus həyətyanı təsərrüfata baxış keçirilən zaman tövlədə bir baş kəsilmiş at cəmdəyi, eləcə də bir baş ata məxsus sümüklər və 9 baş diri at aşkarlanıb. Bundan əlavə, həyətdə olan ata qoşulmuş arabada 6 baş kəsilmiş atın sümükləri, ayaqları və baş nahiyəsi aşkar olunub. Həyətin digər hissəsində olan tövlədə isə 6 diri at aşkarlanıb. Tövlədə aşkarlanmış at cəmdəyinin çəkisi təxminən 150-200 kiloqram təşkil edir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Səbuhi Abbasov əvvəllər də eyni əmələ görə məsuliyyətə cəlb olunub.
 

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-03-2023, 19:27