Təmirdən sonra açılan “Cümə” məscidinə imamlar təyin olunub
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu “Cümə” məscidinə imam təyinatları həyata keçirilib.
Bu barədə Komitədən bildirilib.
Belə ki, Dövlət Komitəsi sədrinin müvafiq əmrləri ilə Ceyhun Əkbər oğlu Rüstəmov və Araz Ayaz oğlu Abdullayev “Cümə” məscidinə imam vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Ceyhun Rüstəmov Bakı İslam Universiteti və Liviya Təbliğ Universitetində ali dini təhsil alıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvüdür. Qəbələ şəhəri “Mərkəzi Cümə” və Bakı şəhəri Yasamal rayonu “İlahiyyat” məscidlərinin imamı vəzifəsində çalışıb. Ceyhun Rüstəmov “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən rotasiya yolu ilə Nərimanov rayonu “Cümə” məscidinə təyinat alıb.
Araz Abdullayev Ağdaş rayonu Xosrov İslam Mədrəsəsində və Bakı İslam Universitetində təhsil alıb. “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq Dövlət Komitəsinin 2-13 avqust 2022-ci il tarixlərində keçirdiyi müsahibədə uğur qazanıb və Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə sözügedən məscidə imam təyin olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-04-2023, 15:41