Bakı məktəblərinin üçüncü siniflərində monitorinq aparılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin III sinifləri üzrə monitorinq keçirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılıb. Şagirdlərə tədris dili üzrə 15, riyaziyyat fənni üzrə 15, xarici dil üzrə isə 10 sual olmaqla, ümumilikdə 40 sual təqdim edilib. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt verilib. Təhsilin keyfiyyətinə nəzarət sektorunun nümayəndələri monitorinq prosesinin gedişatını izləyiblər.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-05-2023, 17:45