Azərbaycanlılar hansı ölkələri özlərinə yaxın sayır?
Sosial Tədqiqatlar Mərkəzi rəy sorğusu əsasında vətəndaşların hansı qrup ölkələri özlərinə yaxın hiss etmələri ilə bağlı fikirlərini öyrənib.
Bu məqsədlə onlara “Aşağıdakı qrup ölkələr arasında hansılara yaxınlıq hiss edirsiniz?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.
Sorğu nəticələrinə əsasən, vətəndaşların mütləq əksəriyyəti, yəni 83,6%-i türk ölkələrini özlərinə yaxın hiss etdiklərini bildirib.
Nəticələri respondentlərin yaş qrupları üzrə təhlil etdikdə Azərbaycan cəmiyyətində türk ölkələrinə yaxınlıq hissi müxtəlif nəsillər üzrə yüksək qiymətləndirilib.
Həmçinin nəticələrin gender aspektindən təhlili kişilərin və qadınların sözügedən mövqeni bərabər səviyyədə bölüşdüyünü göstərib.
Analoji nəticəni respondentlərin təhsil səviyyəsi üzrə göstəricilərə də şamil etmək olar.
Sorğu əsnasında iştirakçıların 12,0%-i islam ölkələrinə, 8,6%-i keçmiş sovet ölkələrinə yaxınlıq hiss etdiklərini qeyd ediblər.
Respondentlərin 6,5%-i bu suala cavabında “qonşu ölkələr”, 2,1%-i “Qərb ölkələri” cavab variantını qeyd edib. 1,8%- heç bir ölkəni yaxın hiss etmədiyini bildirib, 1,6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.
Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-05-2023, 16:13