mobil versiya

Azərbaycan cəmiyyətinin İran və İsraillə münasibəti necədir? –SORĞU


Sosial Tədqiqatlar Mərkəzi 5 dekabr-11 dekabr 2022-ci il tarixində əhali arasında keçirdiyi rəy sorğusunda İran və İsrailə münasibəti öyrənib.
Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevin İranla bağlı çıxışlarına ictimai münasibət kifayət qədər müsbətdir. Belə ki, Prezidentin bu istiqamətdə çağırışlarına münasibəti öyrənmək məqsədilə sorğu iştirakçılarına “Prezidentin“İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik, onlar bizim millətin bir parçasıdır” mövqeyini dəstəkləyirsiniz? sualı ünvanlanıb. Sorğu iştirakçılarının 67,2 faizi “tam dəstəkləyirəm”, 19,0 faizi “əsasən dəstəkləyirəm” cavabını verib. Respondentlərin cəmi 2,1 faizi isə əsasən dəstəkləmədiyini, 6,7 faizi heç dəstəkləmədiyini bildirib. Respondentlərin 5,1 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
İranda baş verən etirazlara ictimai münasibətin təhlili maraqlı məqamları üzə çıxarıb. Respondentlərin 21,3 faizi etirazların İran dövlətinin parçalanması ilə nəticələnə biləcəyi, 31,0 faizi etirazların məhz rejim dəyişikliyinə gətirib çıxaracağı ehtimalını bölüşüb. Sorğuda iştirak edənlərin 12,8 faizi “Etirazlar rejimi dəyişməz, lakin hüquq və azadlıqların güclənməsi ilə nəticələnə bilər” mövqeyini qeyd edib. Respondentlərin 14,2 faizi respondent etirazların ciddi nəticələrinin olacağını güman etmədiyini bildirib. Sorğuda iştirak edənlərin 1,8 faizi digər cavab variantlarını səsləndirib, 18,9 faizi bu barədə ümumiyyətlə məlumatsız olduğunu, yaxud cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Sorğunun nəticələrinə əsasən, Azərbaycanın İsraildə səfirlik açmasına ictimai münasibət əsasən müsbətdir. Belə ki, “Azərbaycanın İsraildə səfirlik açmasına münasibətiniz necədir?” sualına sorğuda iştirak edənlərin 61,0 faizi “İsrail etibarlı tərəfdaşdır və səfirliyin olmasını zəruri hesab edirəm” cavabını qeyd edib. Sorğu iştirakçılarının 11,3 faiziİranla qonşuluğu nəzərə alaraq bu məsələdə ehtiyatlı olmaq lazımdır” fikrini ifadə edib. Rəyi öyrənilənlərin 4,1 faizi İsraildə səfirliyin açılmasını ümumiyyətlə dəstəkləmədiyini bildirib. Həmçinin respondentlərin 14,6 faizi bu məsələdə bitərəf mövqe sərgiləyərək “Mənim üçün fərqi yoxdur” cavabı variantını seçib. Respondentlərin 9,0 faizi bu barədə mövqeyini ifadə etməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-12-2022, 13:29