mobil versiya

Evlərin icbari sığortası vətəndaşların hüquqlarına zidd deyil –Mərkəzi Bank



Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması ilə bağlı iradlara cavab verib.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması fikri kökündən yanlışdir. Əksinə, bu icbari sığorta növü, insanlarin konstitusiyada müəyyən olunmuş mənzil hüququnun təmin olunmasının sabitliyi və fasiləsizliyi üçün bir alətdir.
Mərkəzi Bankdan həmçinin əlavə edilib ki, sadə vətəndaşlar daşınmaz əmlakın icbari sığortasının olmamasına görə qanunla cərimələnə bilər: “İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.1-ci maddəsinin tələblərinə uyğun olaraq, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə birinci cümləsinə əsasən şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur”.
Bununla belə, cərimə mexanizminin tətbiq edilməsi ilə bağlı məsələ hələ də açıq şəkildə qalmaqdadır.
Qeyd edək ki, İcbari Sığorta Bürosu ilə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiyanın yekunlaşması ilə iyunun 1-dən daşınmaz əmlakın icbari sığortası artıq elektron qaydada həyata keçirilir. Sistem üzərindən sığortasız evlərin müəyyən edilməsi eyni zamanda bununla bağlı qanunla müəyyən edilmiş cərimələri gündəmə gətirib. Sığorta şirkətləri və vasitəçilər cərimələrlə bağlı təbliğat kampaniyası apararaq vətəndaşların sığortaya cəlbinə çalışırlar. Cərimə mexanizminin hələlik formalaşmaması fiziki şəxslər üzrə, yəni sadə vətəndaşların buna görə cərimələnməsini mümkünsüz edib. Yaranmış vəziyyətlə əlaqədar isə ümumilikdə ekspertlər daşınmaz əmlakın sığortasının icbari qaydada tələb edilməsinin Konstitutsiyaya zidd olduğunu bildiriblər.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-06-2023, 16:55