NATO qərargahında Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi tərəfindən Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında rəsmi qəbul və foto-sərgi təşkil olunub.
Nümayəndəlikdən verilən məlumata görə, tədbirdə NATO Baş katibinin köməkçiləri, NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, Alyansın Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), eləcə də NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri iştirak edib.

NATO tərəfindən əsas natiq qismində Alyansın ali hərbi strukturu, Hərbi Komitənin sədr müavini general-leytenant Lans Landrum çıxış edib. NATO rəsmisi Azərbaycanın Alyansın etibarlı və uzun illərdən bəri əməkdaşlıq etdiyi tərəfdaş ölkə olduğunu bildirib. O, ölkəmizin həm siyasi dialoq, həm hərbi-praktiki tərəfdaşlıq və hərbi uyarlılığın gücləndirilməsi çərçivəsində NATO ilə münasibətlər baxımından öncül yerdə olduğunu qeyd edib. General-leytenant Landrum müttəfiq dövlətlərin Azərbaycanın Alyansın sülhməramlı əməliyyatlarına, ələlxüsus Əfqanıstanda Kabil Beynəlxalq Hava limanından kritik təxliyə fəaliyyətlərinə dəstəyini və töhfələrini yüksək qiymətləndirdiyini ifadə edib. Onun çıxışında Azərbaycanla NATO arasında bir sıra istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi üzrə dialoq məsələsində əməkdaşlıq imkanlarına diqqət çəkilib.
KARUSEL / SİYASƏT
Tarix: 26-06-2023, 13:21