mobil versiya

Ötən ay xaricdə təhsil alan 347 nəfərin diplomu tanınıb


Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyun ayında tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Agentlikdən bildirilib ki, ötən ay 462 nəfərin müraciətindən 347-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 115 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 112, dövlət nümunəli olmayan diplom səbəbindən 2, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 201, Rusiya Federasiyasından 152, Gürcüstandan 69, Türkiyə Respublikasından 23, Birləşmiş Krallıqdan 3, digər ölkələrdən isə 14 müraciət olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 64, menecment üzrə 59, maliyyə üzrə 57, mühasibat üzrə 19, biznesin idarə edilməsi üzrə 17 müraciətçi qeydə alınıb.
Sənədlərə ortalama baxılma müddəti 13 iş günü təşkil edib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 4-07-2023, 12:06