BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni nümayəndəsi XİN rəhbəri ilə görüşüb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Nümayəndəsi vəzifəsinə təyin edilən Nasar Hayat FAO-nun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri qismində öz etimadnaməsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.
Görüş zamanı N.Hayat "FAO-nu Azərbaycan Respublikasında təmsil etmək mənim üçün bir şərəfdir. Kənd təsərrüfatı sektoru Azərbaycan hökuməti üçün prioritet sahələrdən biridir və mən ölkədə ərzaq təhlükəsizliyini gücləndirmək və bu sektorun dayanıqlı inkişafını dəstəkləmək üçün FAO-nun səylərini səbirsizliklə icra etməyi hədəfləyirəm” - deyib.
N.Hayat FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinə rəhbərlik edəcək. FAO, dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərən, aclığa son qoymaq üçün beynəlxalq səylərə rəhbərlik edən BMT-nin ixtisaslaşmış qurumudur. FAO Azərbaycanda öz fəaliyyətinə 1995-ci ildə başlamış, ölkədəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi isə 2015-ci ildə fəaliyyətə başlamışdır. Azərbaycan Hökumətinin müəyyən etdiyi milli prioritetlərə əsaslanaraq, FAO-nun tərəfdaşlıq proqramı əsas diqqəti ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsuldarlığının, ixracın, eləcə də ölkənin təbii ehtiyatlarından səmərəli istifadənin artırılmasına yönəldib. Proqram həmçinin Azərbaycanda kənd təsərrüfatının dəyər zəncirlərinin inkişafını və kənd yerlərinin inkişafı üçün əlverişli mühitin yaradılmasını dəstəkləyir.
Hayat Azərbaycana təyin olunmazdan əvvəl, FAO-nun Laosdakı ofisinə rəhbərlik edib. Hayatın karyerasına Pakistan hökumətində 11 il, o cümlədən Pakistanın Maldiv adaları üzrə Ali Komissarının müavini vəzifəsində dörd illik fəaliyyət daxildir. O, həmçinin 18 il Pakistanda müxtəlif beynəlxalq inkişaf təşkilatları, o cümlədən BMT-nin İnkişaf Proqramı (UNDP), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Asiya İnkişaf Bankı ilə işləmişdir.
Nasar Hayat Mələk Çakmakdan sonra FAO-nun Azərbaycandakı nümayəndəsi vəzifəsində fəaliyyət göstərəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-07-2023, 10:13