mobil versiya

Avropa İttifaqı və BMTİP sosial sahibkarlar üçün inkubasiya prosesinə başlayıb




Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı aprel ayında təşkil etdiyi İdeyalaşdırma Təlim Düşərgəsindən seçilmiş sosial sahibkarlar üçün inkubasiya mərhələsinə başlayıb.
İnkubasiya proqramı Aİ tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti təşkilatlarına dəstək layihəsi çərçivəsində həyata keçirilir. İnkubasiya proqramına Ağdam, Bakı, Biləsuvar, Gəncə, Mingəçevir, Neftçala, Şəmkir, Şəki, Sumqayıt və Zaqataladan İdeyalaşdırma Düşərgəsi çərçivəsində ən yaxşı sosial biznes ideyaları ilə çıxış edən 41 iştirakçı vəsiqə qazanıb. Prosesin ilk 3 günlük təlimində biznesin sosial təsirini qiymətləndirmək məqsədi daşıyan “İnvestisiyadan sosial gəlir” adlı metod təqdim edilib və sosial hesabat üçün məlumatların vizuallaşdırılması və kommunikasiyası müzakirə edilib. Seminarlar sosial iqtisadiyyat, yerli və inklüziv inkişaf üzrə ixtisaslaşmış ARCO Araşdırma Mərkəzi (İtaliya) tərəfindən aparılır.
İnkubasiya Proqramı - sosial sahibkarlara öz biznes ideyalarını daha da təkmilləşdirmək və sosial faydalara diqqət yetirməklə bizneslərinin kommersiya aspektini gücləndirmək istiqamətində dəstək məqsədi daşıyır.

2 aylıq inkubasiyanın sonunda sözügedən sahibkarlar öz biznes planlarını yekunlaşdıracaq və 30-a qədər ən yaxşı plana sahib tərəflər sosial yönümlü bizneslərini həyata keçirməyə başlamaq üçün maliyyə dəstəyi əldə edəcəklər. Bu sosial bizneslər məşğulluq, inklüziv və daha münasib xidmətlər, yeni təhsil imkanları, “yaşıl” həllər və innovativ tərəfdaşlıqlar təklif etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa töhfə verəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 26-07-2023, 15:14