mobil versiya

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı sosial sahibkarlıq üzrə “İdeyalaşdırma düşərgəsi”nə başlayıb


  
Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) sosial çətinliklərə innovativ biznes həlləri yaratmağa kömək etmək məqsədilə İdeyalaşdırma Təlim Düşərgəsinə başlayıb.
Təlim düşərgəsi Aİ tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti təşkilatları ilə iş layihəsi çərçivəsində həyata keçirilib və Ağdam, Bakı, Biləsuvar, Gəncə, Goranbay, Göyçay, Qazax, Qusar, Lənkəran, Masallı, Mingəçevir, Neftçala, Şəki, Şəmkir və Zaqatala şəhərlərindən 70-ə qədər sosial sahibkarı, sosial yönümlü biznesi və vətəndaş cəmiyyəti təşkilatını bir araya gətirib. Təlim düşərgəsinin iştirakçıları maliyyə toplama platformalarından tutmuş yerli inkişafla məşğul olan və həssas icmalarla işləyən VCT-lərə qədər müxtəlif fəaliyyət sahələrini təmsil edirlər. İdeyalaşdırma təlim düşərgəsinin əsas məqsədi yaradıcı düşüncəni təşviq etmək, eləcə də gəlir gətirən və Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) əks olunmuş məsələlərin həllinə kömək edən innovativ biznes ideyaları yaratmaqdır.
İştirakçılar sosial sahibkarlıq sahəsində qlobal təcrübələr və sosial problemlərin həllinə yönələn bizneslərin qurulması barəsində öyrəniblər. Seminarlar layihənin daha öncə baş tutan Təlimçilərin Təlimi proqramını bitirmiş təlimçilər də daxil olmaqla, beynəlxalq və yerli ekspertlərdən ibarət multidissiplinar komanda tərəfindən aparılıb.
Təlim düşərgəsinin iştirakçıları sahibkarlıq yanaşması vasitəsilə sosial təsir yaratmaq istiqamətində biliklərini təkmilləşdirib, şəbəkələrini inkişaf etdirmək və DİM-lər istiqamətində birgə çalışmaq imkanı əldə ediblər.
Bu təlim düşərgəsindən seçilmiş ideyalar layihənin növbəti inkubasiya və akselerasiya proqramına vəsiqə qazanacaq və həmin mərhələdə ən yaxşı biznes planları müvafiq maliyyə dəstəyi ala biləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-04-2023, 16:26