mobil versiya

15 peşə təhsili müəssisəsinin kommunikasiya mütəxəssislərinin hazırlığı üçün növbəti tədbir keçirilib



Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Azərbaycanda peşə təhsili və təlimi müəssisələrinin görünürlülüyünü artırmaq və ictimaiyyətlə əlaqələrini inkişaf etdirmək məqsədilə mütəxəssislərin yetişdirilməsi istiqamətində tədbir keçirib.

“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində baş tutan tədbirin məqsədi peşə təhsili müəssisələrində (PTM) kommunikasiya və təşviqat işlərini yerinə yetirən məsul şəxsləri təhsil marketinqi üzrə müasir yanaşma və alətlərlə tanış etmək və onların iş potensialını gücləndirməkdir. Bakı şəhərində keçirilən tədbirdə paytaxtda, həmçinin Bərdə, Cəlilabad, Gəncə, İsmayıllı, Qax, Qəbələ və Qusarda yerləşən peşə təhsili müəssisələrinin 17 nəfər kommunikasiya mütəxəssisi, təlimçilər, eləcə də BMTİP və PTDA nümayəndələri olmaqla 25 nəfər iştirak edib. Təlim bu PTM-lərin strateji görünürlülüyünün artırılması və hədəfli kommunikasiyasının inkişafı üzrə iştirakçı mütəxəssislərə dəstək üçün tərtib edilib.

Qeyd edilməlidir ki, peşə təhsilinin nüfuzunun artırılması, sahə üzrə təşviqat və ictimaiyyətlə əlaqələrin qurulması yönündə fəaliyyətlər sözügedən layihə tərəfindən tərtib edilən kommunikasiya sahəsi üzrə tövsiyə xarakterli strateji təkliflər əsasında reallaşdırılır. Tədbirdə reklam və brendləşmənin önəmi, təhsilin müxtəlif hədəf qruplarına təqdimatı, marketinq planlaması, eləcə də sosial media platformalarında kontent yaradıcılığı müzakirə edilib. İştirakçılar, həmçinin tələbə qəbulu üzrə hədəflərlə tanış olaraq öz təşviqat hazırlıqlarını nəzərdən keçiriblər.
Bu tədbir, layihə tərəfindən kommunikasiya sahəsi üzrə PTM heyətləri üçün təşkil edilən 7-ci təkmilləşdirmə proqramıdır. Kadr bacarıqlarının inkişafı üzrə bu kimi proqramlar heyətlərin kommunikasiya sahəsində potensialını artırır, habelə peşə təhsili və təlimlərinin (PTT) düzgün təqdimat və təşviqinə dəstək göstərir. Ölkədə peşə təhsili və təlimi ilə bağlı məlumatlılığın artırılması, o cümlədən daha çox gənc və özəl sektor şirkətlərinin PTT sektoruna cəlb edilməsi üçün bu dəstəkləyici tədbirlər davam edəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-04-2023, 16:41