FHN əhaliyə növbəti dəfə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə növbəti dəfə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, müraciətdə deyilir: “Yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsilə müşayiət olunur. Nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi və bunun günlərlə davam etməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır. Bu isə daha diqqətli davranmağı tələb edir.
Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.
FHN əhaliyə, xüsusilə də sahibkarlara və fərdi təsərrüfat sahiblərinə müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl olunmasının vacibliyini bir daha xatırladır”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-08-2023, 13:15