Potensial sürüşmə sahələri nisbətən aktivləşib
Son günlər müşahidə olunan yağıntılı hava şəraiti ölkə ərazisindəki potensial sürüşmə sahələrində nisbətən aktivləşmə hallarına səbəb olub.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, sürüşmə atmosfer çöküntülərinin həcminin artması ilə əlaqədardır: “Oğuzda sürüşmə hadisəsi baş verib. Sürüşmənin uzunluğu 60, eni isə 30 metrdir və yaşayış evinə yaxın məsafədədir. Hazırda mütəxəssislər hadisə yerindədir. Sürüşmə yerinin miqyası və səbəbləri araşdırılır. Araşdırmalardan sonra sürüşmənin səbəbi məlum olacaq”.
Onun sözlərinə görə, Lerik rayonu ərazisində, xüsusən Veri Əliabad və Lərmərud kəndlərində, Lənkəran-Lerik avtomobil yolunun potensial sürüşmə sahələrində də aktivləşmə müşahidə olunur. Mütəxəssislər həmin bölgədə də monitorinqlər aparırlar.
“Bu gün Abşeron rayonunun Nübar yaşayış massivi və Masazırda zəif aktivləşmə qeydə alınıb, ciddi bir proses izlənilmir. Mütəxəssislər tərəfindən potensial sürüşmə sahələrində davamlı monitorinqlər həyata keçirilir”, - deyə Ə.Əliyev qeyd edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-09-2023, 15:05