İran İraqla sərhədə hərbi texnika və qoşun toplayır
İran İraqla sərhədə hərbi texnika və qoşun toplayır.
Bu barədə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) məxsus sosial şəbəkədə video paylaşılıb.
Bildirilib ki, İran qərb sərhədlərinə hərbi texnika və canlı qüvvə cəmləyir: “Verilən fürsət bitdi. Biz terrorçu “Komilə”yə (İran hakimiyyətinə qarşı fəaliyyət göstərən qanunsuz silahlı qruplaşma-red.) şans verməyəcəyik”.
İraqın şimalındakı kürd hökumətinin başçısı Neçrivan Bərzani Avstriyanın xarici işlər naziri ilə görüşdən sonra mətbuat konfransında Tehranla Bağdad arasında təhlükəsizliyə dair razılaşmaya sadiq qaldıqlarını bildirib: “Biz qonşu ölkələrə təhlükə mənbəyi olmaq istəmirik” .
Bərzani deyib ki, İran və İraq arasında imzalanan təhlükəsizlik sazişi çərçivəsində Bağdadın əməkdaşlığı və koordinasiyası ilə mühüm tədbirlər görülüb: “Ümid edirik ki, bu tədbirlər təhlükəsizlik və hərbi baxımdan problem yaratmayacaq”.
O, İraqın şimalında İranın bu qruplaşmalara qarşı hərbi əməliyyatlar keçirməsinə heç bir əsas olmadığını vurğulayıb.
İraqın xarici işlər naziri Fəvad Hüseyn isə bildirib ki, İranda fəaliyyət göstərən silahlı birləşmələri Bağdad və Tehran arasında təhlükəsizlik razılaşması çərçivəsində iki ölkə arasındakı sərhədlərdən uzaq düşərgələrə köçürməyə başlayıblar.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iki ölkə arasında təhlükəsizlik sazişinin tam şəkildə həyata keçiriləcəyini alqışlayıb. Onun sözlərinə görə, terror qruplaşmaları İraqın şimal bölgəsindən ölkənin içərilərinə doğru irəliləyiblər: “Onların tərk-silah edilməsi və iki ölkə arasında təhlükəsizlik sazişinin bəndlərinin tam yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir”.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sentyabrın 12-də İraqdakı terrorçu qruplaşmanın tərk-silah edilməsi üçün verilən möhlətin başa çatdığını, onun uzadılmayacağını deyib.
İraqın şimalındakı terrorçu qruplaşmalara İran sentyabrın 19-dək möhlət verib. Bu müddətin başa çatmasına az qalıb. Ehtimal edilir ki, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə İran regiona əlavə qüvvə yeridir.(report)
KARUSEL / DÜNYA
Tarix: 13-09-2023, 16:38