mobil versiya

Narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıb



Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bölgə müxbirinə verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi "Kia Rio" markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıblar. Həmin şəxslərdən 10 min ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyənləşib və cinayətkar qrupun digər üzvləri, Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 8-12-2023, 09:17